I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi
Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.
Yenicag.az xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı, Quba və Xaçmazda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 187 imtahan binası, 3381 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 187 ümumi imtahan rəhbəri, 537 imtahan rəhbəri, 4236 nəzarətçi, 597 buraxılış rejimi əməkdaşı, 187 bina nümayəndəsi cəlb olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, imtahan binasının girişində yoxlama zamanı 3 nəfərdə üzərində gizlədilmiş mobil telefon aşkarlanıb və həmin şəxslər imtahana buraxılmayıblar. 3 nəfərdə isə imtahan zalında mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bundan əlavə, 1 nəzarətçi zalda köçürməyə şərait yaratdığı üçün imtahandan xaric edilib. Hazırda baş verən hallar araşdırılır. Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.
İmtahanda 45679 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər suallarını “Youtube”da yerləşdirilən müvafiq linkin altına yaza bilərlər.
İyunun 2-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.