“Ümumiyyətlə, avropalılar özləri heç vaxt qanunsuz, yaxud icazə verilməyən yerlərdə mitinq keçirməyə meyillənmirlər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında dünya ölkələrində icazəsiz kütləvi aksiyaların keçirilməsinə yanaşmanı şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
Azər Həsrətin sözlərinə görə, Avropa ölkələrində icazəsiz aksiyaların qarısını alan polislər vətəndaşların təqdirini qazanırlar:
“Ümumiyyətlə, kütləvi aksiyalar keçirilməsinin bir qayda-qanunu var. Bu, istər Avropada olsun, istərsə də Azərbaycanda, belədir. Xüsusilə, Qərb ölkələrində mitinqlərin elan edilməsi, keçirilməsi, aksiyaların yerinin seçilməsi çox həssas məsələlərdir.
Yəni ayrı-ayrı şəhərlərdə insanlar kütləvi etiraz aksiyası, yaxud da sadəcə olaraq, adi bir bayram tədbiri keçirmək istəyəndə, bununla bağlı müvafiq administrasiya təmsilçiləri məlumatlandırılır, yerlə bağlı razılaşmalar aparılır, polisə xəbər verirlir, yəni polisin orada təhlükəsizliyi təmin edib-edə bilməməsi dəqiqləşdirilir və yalnız bundan sonra aksiyalar keçirilir.
Ümumiyyətlə, avropalılar özləri heç vaxt qanunsuz, yaxud icazə verilməyən yerlərdə mitinq keçirməyə meyillənmirlər. Yəni bir qayda olaraq, onlar özlərini mədəni şəkildə ifadə etmək üçün bu aksiyaların dövlətlə, müvafiq strukturlarla razılaşdırılmış yerlərdə keçirilməsinə çalışırlar və heç vaxt orda bizdəki kimi “yer uzaq idi”, “biz şəhərin orasında yox, burasında keçirmək istəyirik”, – deyə dava da etmirlər.
Əlbəttə, Avropada bəzən qanunsuz küçə aksiyaları da keçirilir və buna polis müdaxiləsi olur. Biz də kommunikasiya dövründə yaşayırıq və onu görürük ki, polis o cür aksiyalara qarşı çox sərt tədbirlər görür və heç kim də – həmin ölkələrin vətəndaş cəmiyyəti buna görə polisi qınamır, əksinə, polisə əhsən deyir.
Çünki polislər bununla qanunsuzluğun qarşısını alırlar. Düşünürəm ki, Azərbaycanla müqayisə edəndə, bu cür halları nəzərə almaq lazımdır”.
Aqil Bəkir
www.yenicag.az