Dövlət əmlakı özəl torpaqlarla dəyişdirilə biləcək
Dövlət mülkiyyətində olan əmlakların özəl torpaq sahələri ilə dəyişdirilməsinin hüquqi əsası yaradılır.
Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsində, Mülki Məcəllədə və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Yeni dəyişikliyə əsasən, dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla və torpaq sahələri ilə dəyişdirilməsi mümkün olacaq.
Lakin özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı, dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri bu mübadilənin predmeti ola bilməz.
Dəyişdirilən əmlakların qiymətləndirilməsi bazar qiymətləri nəzərə alınmaqla müstəqil qiymətləndirici tərəfindən həyata keçiriləcək. Eyni zamanda, dövlət orqanları və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edəcəklər. Qanun qəbul edildikdən sonra bu mübadilənin konkret icra qaydası təsdiqlənəcək.
Bu addımın əmlak və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə və dövlət-vətəndaş arasında daha çevik əmlak mübadiləsinə şərait yaradacağı gözlənilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.













