“İçəri girən kimi o, məni qucaqladı, gözləri yaşardı …”

media-hightechnic-468x90

85106SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, Milli Məclisin deputatı Zeynəb Xanlarova Heydər Əliyevlə bağlı xatirələrini yazıb.  “Azərbaycan” qəzetində dərc olunmuş yazını qısa ixtisarla təqdim edirik:

“Heydər Əliyevlə hər görüşümüz bir hadisə idi, duzlu zarafatlar edərdi. Mənim səmimiliyimi, açıq danışmağımı çox sevirdi. Deyirdi ki, “Zeynəb, səninlə söhbətdən zövq alıram, istirahət edirəm. Çoxu ilə rəsmi görüşmüşəm. Sənsə tamam başqasan. Sən necəsənsə, eləsən, özünsən. Ona görə də sənin xətrini çox istəyirəm. Sən mənə çox doğmasan, əzizsən”.

Həmişə ona deyirdim ki, sizə dağlar qədər ömür arzulayıram. “Nə üçün dağlar qədər? De, günəş qədər” deyə cavab verərdi. Mənsə həmişə deyirdim: “Ona görə dağlar qədər deyirəm ki, dağlar həmişə yaşayır, zirvədə olur. Günəş isə sönür, sonra yanır. Siz isə həmişə sönməzsiniz. Odur ki, Sizi ancaq dağa bənzədirəm”. Hayıf, mənim əziz Heydər Əliyevim – bizim havamız, suyumuz, gedib-gələn nəfəsimiz aramızda yoxdur. Biz sözün əsl mənasında atasız qalmışıq!”

“1980-ci illərdi. Yay fəsli olduğundan bağ evimdə dincəlirdim. Bir gün Mərkəzi Komitədən iki nəfər gəlib, mənim təcili olaraq Bakıya qayıtmağımı xahiş etdilər və dedilər ki, axşam saat 6-da Heydər Əliyev səninlə telefonla danışacaq. Şəhərə evə gəldim, özüm də çox həyəcanlı idim. Fikirləşirdim, görəsən, uzaq ölkədən nəyə görə mənə zəng vuracaq. Elə bu fikirlə oturub gözləyirdim ki, birdən telefon zəng çaldı. Ürəyim yerindən oynadı. Telefonda Zərifə xanımın səsi eşidildi. Allah ona qəni-qəni rəhmət etsin. Hal-əhval tutduqdan sonra dedi ki, indi qardaşın səninlə danışacaq. Bir də gördüm Onun səsi eşidildi: “Zeynəb, necəsən? Eşitdim bağda kef edirsən. Bağ xoşuna gəldimi? Anan necədir?”. Dedim: “Gecə-gündüz sizə dua edirik”. Dedi: “Mən bağı anana vermişəm. O, məni səndən çox istəyir”. Mən incidiyimi büruzə verdim. Dedi: “Yaxşı, özündən çıxma. Bilirsən, sənə niyə zəng etmişəm?”. Dedim ki, yox, bilmirəm. Dedi ki, “səni ürəkdən təbrik edirəm. Sənə mənim təqdimatımla SSRİ xalq artisti fəxri adı verilib. Rəşid Behbudov isə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb”.”

“…Vəzifədən kənarlaşdırılmışdı, infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Mən və radionun diktoru olan rəfiqəm Məhəbbət onun yanına xəstəxanaya getdik. Darvazada bir kişi Ərəbzəngi kimi yolumuzu kəsmişdi. Heç kimi içəri buraxmırdı. Qışqır-bağır saldıq, yenə də buraxmadı. Mən istəmirdim öz titullarımı bir-bir sadalayım onun üçün. Birdən cin vurdu başıma, onu yandırmaq üçün dedim: “Mən SSRİ xalq artistiyəm, Dövlət mükafatları laureatıyam”. Dedi: “Xvatit”, yəni “bəsdir”, mən sizi buraxaram.” Üzünə baxmadan yüyürə-yüyürə qaçdım ulu öndərin yanına. İçəri girən kimi o, məni qucaqladı, gözləri yaşardı, köks ötürdü…

Dedi: “Zeynəb, sən Azərbaycanda olan çox kişidən qeyrətlisən!”.

Bir dəfə Naxçıvanda olanda mən Heydər Əliyevə zəng edib anadan olan gününü təbrik edərək dedim: “Böyük oğlan olasınız, bizim əzizimiz.” O da gülümsəyərək dedi ki, “böyük qızın yanında elə böyük oğlan olmaq daha yaxşıdır”.

Bir dəfə yenə pərdə arxasına gəlib artistlərlə görüşəndə mənə dedi ki, Zeynəb hamıdan gözəldir. Mən də 6 dəfə onun o üzündən, bu üzündən öpdüm və bütün artistlərə dedim, gedin siz də öpün. Onlar utanırdılar və ayrılanda onu bir- bir öpməyə başladılar. Çox böyük hörmət bəslədiyim general qardaşım Vaqif Axundov mənim qulağıma pıçıldadı ki, “Zeynəb xanım, siz öpdünüz bəs edir, çünki hər nəfəsi ona vermək olmaz”. Mən dedim: “İstəyirəm ki, onun üçün xoş olsun”(qafqazinfo).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600