İctimai internet şəbəkəsi əlaqədə qalmağın rahat yolu olsa da, bu özündə təhlükəsizlik risklərini də daşıyır.
Yenicag.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bunun səbəbi isə bir çox ictimai “Wi-Fi” şəbəkələrinin (restoran, kafe, park, aeroport) bağlantıya açıq olması və şifr tələb etməməsidir. Bu da öz növbəsində təhlükəsizlik boşluğu yaradaraq kiberdələduzların cihazınıza daxil olmasını asanlaşdırır.
İctimai “Wi-Fi”dan istifadə zamanı baş verə biləcək kiberhücumlar bunlardır.
“Ortadakı adam (MITM)” hücumu
Kiberdələduzlar rəsmi görünən saxta “Wi-Fi” şəbəkəsi qurur və qoşulma baş verdikdə cihazınızla internet arasında axan məlumatlar ələ keçirilir, həmçinin giriş məlumatlarınız (istifadəçi adı və şifr), bank kartı və digər həssas məlumatlarınız oğurlanma riski ilə üzləşir.
“Sessiya oğurluğu (SIDEJACKING)” hücumu
Sessiya oğurluğu hücumunda kiberdələduz sizin ictimai “Wi-Fi” şəbəkəsi ilə qoşulduğunuz veb-saytdan kuki fayllarınızı oğurlayır və sizin giriş məlumatlarınıza ehtiyac duymadan sizi veb-saytda təqlid edir.
Zərərli Hotspot (EVIL TWIN)
Kiberdələduzlar bəzən istifadəçiləri “Wi-Fi” şəbəkəsinə qoşulmağa sövq etmək üçün “Free PublicWi-Fi”, “FreeWi-Fi” kimi adlarla açıq şəbəkələr yaradırlar. Qoşulduqdan sonra kiberdələduz tərəfindən cihazınıza zərərli proqramların yüklənməsi və digər proseslər baş verə bilər.
Qeyd edək ki, ictimai “Wi-Fi” şəbəkələrindən istifadə edərkən diqqətli olmalısınız. Bu səbəbdən maliyyə və digər həssas əməliyyatları yerinə yetirərkən çəxsi mobil şəbəkənizdən istifadə etməyinizi tövsiyə edirik.
www.yenicag.az