"İğdırdan boru xəttinin çəkilməsi beynəlxalq aləmə mesaj olmalıdır" - Tarixçi alim

media-hightechnic-468x90

“Digər tərəfdən də Azərbaycan Prezidentinin Zəngəzurun tarixən Azərbaycan torpağı olması və onun Azərbaycan xalqının iradəsi xaricində alınaraq Ermənistana verilməsini xatırlatması təsadüfi deyil”.

Bunu tarixçi alim Firdovsiyyə Əhmədova Yenicag.az-a deyib.

Tarixçi Azərbaycanın tarixi torpağı olan Zəngəzurun Ermənistana verilməsi barədə tarixi məlumatları çatdıraraq İğdır-Naxçıvan qaz boru xəttinin açılmasının önəmini şərh edib:

“Rusiya İmperiyasının dağılması ərəfəsində Zəngəzur Gəncə quberniyasının tərkibində bir qəza idi. Azərbaycan Cümhuriyyəti dönəmində də Zəngəzur artıq qəza statusunda idi. 1919-cu ildə Qarabağ Qubernatorluğu yaradılanda 4 qəzadan biri Zəngəzur qəzası idi. Azərbaycan Cümhuriyyəti dönəmində də Zəngəzur Azərbaycan hakimiyyəti altında olan ərazi idi. Rusiya İmperiyası işğal etdiyi ərazilərdə elə bir inzibati ərazi vahidləri yaratmışdı ki, imperiya dağıldıqdan sonra da Cənubi Qafqazda 3 respublika yaranarkən, onların arasında ərazi mübahisələri müharibə həddinə çatmışdı. O cümlədən də, Zəngəzur da həmin iddia edilən ərazilərdən biri idi.

Ermənilər Azərbaycanın torpaqlarında “Ararat Respublikası” adlanan ərazilərlə kifayətlənməyib çox geniş ərazilər üzərində xəritələr tərtib edərək əsassız iddialarını gerçəkləşdirməyə çalışırdılar. O iddialardan da biri Zəngəzur qəzası idi. Hələ 1918-ci ildə Andranik orada çox böyük qətliamlar törətmişdi, o cümlədən  cümhuriyyət dönəmində də bu hərbi əməliyyatlatları davam etdirirdilər. 1919-cu il noyabrın 23-də Azərbaycan Cümhuriyyəti ilə ermənilər arasında bağlanan sazişə görə qoşunların Zəngəzurdan çıxarılması birtərəfli qaydada həyata keçsə də, ermənilər kütləvi şəkildə Zəngəzurda dinc müsəlman əhaliyə divan tutdular. O baxımdan, Zəngəzurdan əhali Azərbaycan parlamentinə teleqramlar göndərir, erməni vəhşətlərini anladırdılar. Təbii ki, ermənilər təkcə o ərazilərlə kifayətlənmirdi, 1920-ci ilin martında Qarabağda qiyam qaldırdılar. Qurulan böyük plana əsasən, nəinki Qarabağdakı ermənilər həm də digər ermənilər də ayağa qaldırılaraq cümhuriyyətin süqutunu təmin etməli idilər. Lakin Qarabağ qiyamını Azərbaycan ordusu heç bir xarici qüvvənin köməyi olmadan yatırdı.

1920-ci ilin aprel ayında görkəmli Azərbaycan sərkərdəsi Həbib Səlimov hökumətə teleqram vuraraq Zəngəzura hərəkəti davam etdirməsi barədə soruşmuşdu. Həmin gün Azərbaycan Cümhuriyyətinin mövcud olduğu son gün idi. Həmin gün 11-ci  Qızıl Ordu hücum edərək qısa müddətdə Azərbaycan ərazilərini işğal edib cümhuriyyəti devirdi”.

F. Əhmədova həmçinin qeyd edir ki, Azərbaycanın əzəli torpaqlarının bir hissəsi, o cümlədən Zəngəzurun bir hissəsi mərkəzi sovet hakimiyyəti tərəfindən Ermənistana verilmişdi:
“Zəngəzurun dağlıq hissəsinin Ermənistana verilməsi barəsində fikrin məhz Azərbaycan tərəfindən səsləndirilməsi sənəddə öz əksini tapmışdı.Sənəd öncədən hazırlanmışdı. Birbaşa sovet Rusiyası rəhbərliyinin diqtəsi ilə Orconikidzenin hazırladığı sənəddə Zəngəzurun güzəştə gedilməsinin Azərbaycan tərəfindən bəyan edilməsi göstərilmişdir. Beləliklə, 1920-ci ildə Zəngəzurun dağlıq hissəsi Ermənistan SSR-ə verilir, düzən hissəsi isə qalır Azərbaycan SSR-nin tərkibində.
Təkcə Ermənistanda mövcud olan hakimiyyəti şirnikləndirib yeni sovet hakimiyyətinə dəstək verməkdən əlavə burada strateji məsələ o idi ki, Türkiyə ilə birbaşa əlaqə olmasın. Naxçıvan Mustafa Kamalın dili ilə desək, “Türkün qapısı” idi. Zəngəzurun dağlıq hissəsinin getməsilə Naxçıvanla, təbii ki, Türkiyə ilə də yol əlaqəsi kəsilirdi. Ona görə də indi Zəngəzur dəhlizinə türk dünyasını birləşdirən dəhliz deyilir. Zəngəzur dəhlizinin yenidən gündəmdə olması Azərbaycanın, eləcə də türk dünyasının maraqlarına xidmət edən məsələdir. Azərbaycanın milli maraqlarına qarşı olan qüvvələr bu dəhlizin açılmasına imkan vermək istəmir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600