Bu dəfə şanslı idilər – Bəs döşəmə çökməsəydi?

media-hightechnic-468x90

Xəbər verildiyi kimi, noyabrın 23-də Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 60 mənzildən və 6 girişdən ibarət beşmərtəbəli yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarları uçub.

Həmin vaxt xoşbəxtlikdən ölüm hadisəsi qeydə alınmasa da, xəsarət alanlar olub.

Hadisədən dərhal sonra bina təxliyə edilib və mütəxəssislər tərəfindən ərazidə ilkin dəyərləndirmə işləri aparılıb.

3 gün sonra, yəni noyabrın 26-da isə həmin binanın 5-ci bloku tamam çöküb. Hadisə yerindən yayılan foto və videolardan göründüyü kimi, dağıntının həcmi o qədər böyükdür ki, sanki binaya raket zəbəsi dəyib.

İlk dəfə döşəmə çökdüyü zaman həmin binalara daha əvvəl baxış keçirilib-keçirilmədiyi, aidiyyəti qurumların yoxlama aparıb-aparmadığı mətbuat tərəfindən sorğulanmışdı. Gəlinən qənaət də o idi ki, heç bir yoxlama aparılmayıb. Sadəcə həmin binada yaşayan şəxslərin bəxti gətirib ki, binada uçqun birdəfəlik yox, hissə-hissə baş verib. Təsəvvür edin, əgər o binada birinci döşəmə çökməsəydi, nə qədər insanımız canından olacaqdı? Uçqun oldu və sakinlər təxliyə edildilər, bunun nəticəsində bu gün baş verən tam çökmədə ölüm-itimdən danışmırıq. Məhz bunun sayəsində!

Öz işlərini görməli olan qurumlar vəzifələrini layiqincə yerinə yetirmədikləri və məsuliyyətsiz davrandıqları üçün bunun cəriməsini Azərbaycan xalqı çəkir.

Bu dəfə bəxt də, Tanrı da o sakinlərin yanında idi! Bəs belə olmasaydı, döşəmə tərəfindən “ilkin xəbərdarlıq” verilmsəydi, nələr olardı? Neçə can itirərdik? Düşüncəsi belə insanı yaralayır.

Son günlərdə baş verən yanğın, partlayış və uçqunlar aidiyyəti qurumların işlərinin düzgün qurulmadığını, vəzifələrini layiqincə yerinə yetirmədiklərini göstərir. Hər kəs məsuliyyətdən qaçır və yayınır. Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən yanğında da eyni hal yaşanır. Günahı ölən komendantın boynuna qoymağa çalışırlar!

Məsuliyyətdən yayınmağın ən asan yolu: Günah həmişə öləndədir.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa