II Türkiyə-Azərbaycan İnvestisiya Forumu hər iki ölkəyə nə qazandıracaq? – TƏHLİL

media-hightechnic-468x90

 

Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığına həsr olunmuş Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası Bakıda təkcə növbəti rəsmi protokol toplantısı deyil, iki ölkə arasında strateji iqtisadi ittifaqın yeni mərhələyə keçidi kimi qiymətləndirilə bilər.

Görüşdə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz və Azərbaycanın Baş naziri Əli Əsədovun sədrlik etməsi, eləcə də nazirlər və biznes dairələrinin yüksək səviyyədə təmsil olunması gündəliyin sırf texniki deyil, siyasi əhəmiyyət daşıdığını göstərir.

Hər iki ölkə prezidentinin müəyyən etdiyi 15 milyard dollarlıq ticarət həcmi hədəfi fonunda bu iclas həm mövcud rəqəmlərin təhlili, həm də konkret addımların razılaşdırılması baxımından açar rol oynayır. 2024-cü ildə Türkiyənin Azərbaycana ixracı 3,1 milyard, idxalı isə 4,8 milyard dollar olub. Ümumi ticarət dövriyyəsi, eləcə də qarşılıqlı investisiyalar – Türkiyənin Azərbaycana təxminən 18 milyard, Azərbaycanın Türkiyəyə 21 milyard dollar sərmayəsi – onu göstərir ki, tərəflər artıq sadəcə tərəfdaş deyil, qarşılıqlı iqtisadi inteqrasiyanı seçmiş strateji müttəfiqlərdir. Buna Azərbaycanda təxminən 7000, Türkiyədə isə 3100 ortaq şirkətin fəaliyyəti, türk tikinti şirkətlərinin Azərbaycanda 21,1 milyard dollar dəyərində 558 layihə həyata keçirməsi də sübutdur.

Bakıda keçiriləcək görüşlərin əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir. Əvvəla, ticarətin asanlaşdırılması, qeyri-tarif maneələrinin azaldılması, gömrük və logistika prosedurlarının sadələşdirilməsi ilə bağlı qərarlar iki ölkə biznesi üçün əməli rahatlıq yaradacaq. Bu, xüsusilə tranzit daşımaları, istehsal kooperasiyası, kənd təsərrüfatı məhsulları, sənaye malları və xidmətlər sektorunda ticarətin sürətlənməsinə səbəb ola bilər. İkincisi, enerji, nəqliyyat, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edən yeni fəaliyyət planı iqtisadi əməkdaşlığı daha sistemli, uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan bir çərçivəyə salacaq. Bu protokol faktiki olaraq Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinin növbəti illər üçün yol xəritəsi rolunu oynayacaq.

Bu görüşdən Azərbaycan üçün qazanc həm iqtisadi, həm də geosiyasi müstəvidə dəyərləndirilə bilər. Azərbaycan üçün Türkiyə həm enerji ixracı, həm qeyri-neft sektorunun inkişafında əsas müttəfiqdir. Birgə layihələr və sərmayələr Azərbaycanın qeyri-neft iqtisadiyyatının şaxələndirilməsinə, yeni istehsal və xidmət sahələrinin yaranmasına, məşğulluğun artmasına şərait yaradır.

Türkiyə üçün isə Azərbaycan Cənubi Qafqazda əsas strateji tərəfdaş, enerji təhlükəsizliyi zəncirinin mühüm həlqəsi və türk sərmayəsi üçün əlverişli, sabit bir məkandır. Bakı-Tbilisi-Ceyhan, TANAP kimi layihələrdən sonra yeni ortaq təşəbbüslər Türkiyənin regional iqtisadi mərkəz kimi mövqelərini möhkəmləndirir. Azərbaycan vasitəsilə Orta Dəhliz, Mərkəzi Asiya və Xəzər hövzəsinə çıxış imkanlarının genişlənməsi Ankaranın regional və qlobal ticarət şəbəkəsində rolunu daha da artırır. Bunun fonunda Bakıda imzalanacaq hər bir sənəd Türkiyənin ixrac potensialını, tikinti, enerji, logistika və maliyyə sektorlarının xaricdə mövqelərini gücləndirən alət kimi çıxış edicək.

Xüsusi diqqət çəkən məqamlardan biri də 2-ci Türkiyə-Azərbaycan İnvestisiya Forumunun bu proqram çərçivəsinə daxil edilməsidir. Bu forum hökumətlərarası razılaşmaları real biznes layihələrinə çevirən platforma kimi strateji əhəmiyyət kəsb edir. Burada Cövdət Yılmaz, Ömər Bolat, Əli Əsədov və Mikayıl Cabbarov səviyyəsində siyasi iradə nümayiş etdirilir, eyni zamanda Hüseyin Büyükfıratın sədrlik etdiyi Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) xətti ilə iki ölkənin iş adamları birbaşa təmas imkanı qazanır. Forumun dəyəri ondan ibarətdir ki, investorlar bir masada həm siyasi qərarvericilərlə, həm də potensial tərəfdaşlarla görüşür, konkret layihələr, risklər, güzəştlər və dəstək mexanizmləri müzakirə olunur. Bu, sərmayə qərarlarını sürətləndirir, bürokratik maneələri azaldır, yeni birgə müəssisələrin yaranmasına şərait yaradır.

İnvestisiya forumu eyni zamanda regional iqtisadi əməkdaşlıq üçün də siqnal rolunu oynayır. Türkiyə və Azərbaycan birlikdə Cənubi Qafqaz, Orta Asiya və daha geniş coğrafiyada ortaq layihələrlə çıxış etdikcə, bu model digər ölkələr üçün də cəlbedici əməkdaşlıq çərçivəsinə çevrilir. Bu, həm nəqliyyat dəhlizləri, həm enerji xətləri, həm də istehsal zəncirlərinin formalaşmasında Ankara-Bakı tandeminə əlavə üstünlüklər qazandırır.

Cövdət Yılmazın Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü də iqtisadi əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsi, yeni sazişlərin ratifikasiyası və parlament diplomatiyasının bu prosesə verdiyi töhfə baxımından əhəmiyyətlidir. Yəni bu səfər təkcə hökumətlərarası deyil, həm də parlament və biznes səviyyəsində əlaqələrin dərinləşdirilməsi üçün kompleks paket kimi çıxış edir.

Qısacası, Bakıda keçiriləcək 12-ci iclas və 2-ci İnvestisiya Forumu Türkiyə-Azərbaycan münasibətlərini “qardaşlıq”dan kənara çıxarıb, davamlı iqtisadi inteqrasiya mərhələsinə daşıyan mühüm mərhələdir. Həm Ankara, həm Bakı üçün bu proses yeni bazarlar, daha güclü tranzit mövqeyi, artan sərmayə axını və regionda iqtisadi-siyasi çəkisinin möhkəmlənməsi deməkdir.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa