III Şuşa Media Forumu: Mətbuat milli təhlükəsizliyin SİPƏRİ KİMİ

media-hightechnic-468x90

Azərbaycan mətbuatı tarixi boyunca cəmiyyətin aynası, dövlətin isə etibarlı dayaqlarından biri olmuşdur.

Xüsusilə ictimai və dövlət maraqlarının qorunmasında milli mətbuatımız əvəzsiz rol oynamış, milli identitetin formalaşmasında, ictimai rəyin yönləndirilməsində və informasiya təhlükəsizliyinin təminində ön sıralarda yer almışdır. Son illərdə baş verən regional və qlobal proseslər fonunda isə mətbuatın bu funksiyası daha da aktuallaşmış, strateji əhəmiyyət kəsb etmişdir. Bu baxımdan, III Şuşa Qlobal Media Forumu xüsusi qeyd olunmalıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən tədbirdə milli mətbuatımızın fəaliyyəti yüksək qiymətləndirildi. Forum çərçivəsində vurğulandı ki, Azərbaycan mətbuatı yalnız informasiyanın ötürücüsü deyil, həm də milli maraqların qoruyucusudur. Xüsusilə Vətən müharibəsi dövründə və ondan sonrakı informasiya savaşında yerli media qurumlarımız həm cəbhədə, həm diplomatiya meydanında, həm də beynəlxalq informasiya platformalarında dövlətin səsini dünyaya çatdıraraq, strateji maraqlarımızı cəsarətlə müdafiə etmişdir.

Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Hikmət Babaoğlu təsdiqləyib ki, Azərbaycan mətbuatının 150 illik fəaliyyəti, əslində, həm də bir hesabat xarakteri daşıyır:

media-hikmetbabaoglu1

“Mənə elə gəlir ki, media tariximizdə olduqca mühüm hadisə olan III Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti məhz medianın fəaliyyətini yüksək qiymətləndirməklə onun keçdiyi 150 illik yola bir daha nəzər saldı. Bu prosesdə önə çıxan əsas məsələ isə medianın milli və dövlət maraqlarını necə qoruması ilə bağlıdır. Bu, olduqca mühüm məsələdir. Nəticə etibarilə, media özü-özlüyündə kütləyə, geniş ictimaiyyətə müraciət etməklə, ümumi ictimai rəyi formalaşdıran bir hadisəyə çevrilir. Bu isə cəmiyyətin mövqeyinin necə olması ilə birbaşa əlaqəlidir və heç şübhəsiz, vətəndaş-dövlət münasibətləri kontekstində baş verən hadisələrin keyfiyyətini müəyyən edir”.

Müsahibimiz düşünür ki, Azərbaycan mediası bu imtahanı uğurla verməyi bacarıb:

“Xüsusilə də medianın fəaliyyəti ekstremal və tarixi vəziyyətlərdə bir daha önə çıxaraq nəyə qadir olduğunu göstərmiş oldu. Son dövrlərdə həm hərbi müstəvidə baş verən hadisələr, həm də informasiya müharibəsi kontekstində Azərbaycan mediasının nə qədər dayanıqlı və immunitetli bir sistemə çevrildiyi aydın şəkildə ortaya çıxdı. Yəni Azərbaycan mediası bu yubiley ilində öz hesabatını həm xalq, həm də dövlət qarşısında uğurla verməyi bacardı. Bu, əlbəttə ki, yüksək qiymətləndirilməli bir hadisədir”.

“Mənə elə gəlir ki, bu gün əldə etdiyi uğurlarla Azərbaycan mediası bir daha sübut etdi ki, o, dövrün tələblərinə uyğunlaşmağı bacaran, universal informasiya alətlərindən peşəkarcasına istifadə edən və dövlətin, xüsusən də onun informasiya təhlükəsizliyinin keşiyində dayanan mühüm bir institutdur”, – deyə millət vəkili bəyan edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə hesab edir ki, Azərbaycan mediası şərəfli bir yol keçib və böyük uğurlara nail olub:

media-ceyhun6-1

“Cənab Prezident Şuşa Forumunda da bu məsələyə geniş şəkildə toxundu. Yəni informasiya müharibəsini biz apardıq və bu informasiya müharibəsini uda bildik. Bu, olduqca önəmli məsələdir. Bu gün Azərbaycan yeni bir mərhələyə daxil olarkən qarşısına qoyduğu bir sıra hədəf və məqsədlər kontekstində bu hədəf və məqsədlər xüsusi əhəmiyyət daşıyır. Dövlətçiliyin gücləndirilməsi və dövlət maraqlarının müdafiəsi baxımından mediamızın üzərinə ciddi vəzifələr düşür”.

O, sonda vurğulayıb ki, mediamız bu proseslərdə fəal şəkildə iştirak etməli və öz töhfəsini verməlidir:

“Bu mənada cənab Prezident də medianın fəaliyyətini yüksək qiymətləndirdi və bu gün də mediamızın qarşısında çox böyük, mühüm və vacib vəzifələr dayanır. Biz inanırıq ki, Azərbaycan mediası bu vəzifələrin öhdəsindən hər zaman uğurla və ləyaqətlə gələrək bu prosesə öz töhfəsini verəcək”.

Rafi Müslümov

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.

media-medialogo

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600