“İkinci əl paltarlardakı əsas narahatlıq paltarlardakı bitlərin olmasına görədir. Səbəb budur. Əgər düzgün dərmanlama həyata keçirilirsə, həmin geyimlərdə heç bir problem olmayacaq”.
Bu sözləri Yenicag.az-la söhbətində həkim-dermatoloq Bəxtiyar Paşayev söyləyib.
Müsahibimiz “second hand” adlandırılan ikinci əl paltarlarla bağlı olan gigiyenik təhlükələrdən söz açıb.
Qeyd edək ki, ölkədə ikinci əl paltarlara rəğbətin geniş olması bu məsələ ətrafında müzakirələrə rəvac yaradır. Çünki bir çox həkimlər həmin paltarların gigiyenik cəhətdən insan sağlamlığına zərər olması ilə əlaqədar həyəcan təbili belə çalırlar.
Məsələyə münasibət bildirən həkim-deramtoloqun fikrincə, bir çox hallarda paltar bitinin onu geyinən şəxsə keçməsi ehtimalı daha yüksəkdir.
“Bundan başqa, paltar çirkli ola bilər ki, dəridə qıcıqlanma allergik simptomlar yarada bilər. Amma əsas problem dəriyə paltar bitinin keçməsidir. Necə ki geyindiyimiz, yaxud qohumdan aldığımız paltarlar çirklənəndə bizə təsir edirsə, ikinci əl geyimlərdə də bu, özünü göstərir. Sadəcə buradakı təhlükə bitin olub-olmamasındadır. Yəni paltarın üstündəki bit yumurtaları uşaq və böyüklərə keçə bilər”, – deyə o əlavə edib.
O, söyləyib ki, alıcılar, ilk növbədə, həmin paltarlara vurulan xüsusi dərmanların spesifikasını öyrənməlidir:
“Əvvəla, onun içindəki maddələrə baxmaq lazımdır ki, burada ziyanlı maddələr varmı, hansı kimyəvi maddələrdir və s. Amma həmin paltarlar yuyulub yaxalandıqdan sonra uşağa geyindirmək olar. Amma mən belə paltarların alınmasını heç bir halda məsləhət görmürəm”.
Həkim-dermatoloq Fərhad Qarayev isə düşünür ki, bu, əsassız təşvişdir:
“Çünki praktika vaxtı bir dənə də passient müraciət etməyib ki, aldığı ikinci əl geyimdən sonra problemlər yaransın. İstehlakçılar həmin paltarları kimyəvi maddələr vasitəsilə təmizləyəndən sonra onu geyinə bilərlər”.
Rafi Müslümov
www.yenicag.az