“İlan” ili Xalq artistinin bir gözünü güldürdü, bir gözünü ağlatdı: “Ən şad günüm idi, amma...”
“Bu il oğlumun gözəl, xoş günü ilə əlamətdar oldu. Övladıma toy etdim”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktrisa, Xalq artisti Səidə Quliyeva deyib.
Sənətkar geridə qoyduğumuz İlan ilində sevinclə kədəri qoşa yaşadığını bildirib:
“Bu il oğlumun toyu oldu. Həddən artıq həyəcanlı idim, çünki atası övladının bu şad gününü görə bilmədi, yanında ola bilmədi… Həyat yoldaşım dünyasını dəyişib. Həmçinin, elə İlan ilində, öz doğum günümdə ən əziz adamımı – anamı itirdim. Yəni həm böyük itkilərim oldu, həm də ən şad günüm…”
Aktrisanın növbəti At ilindən gözləntiləri isə böyükdür:
“At ilindən arzularım çoxdur. Təkcə özümə deyil, bütün bəşəriyyətə sülh və barış arzulayıram. Bütün anaları xoşbəxt görmək istəyirəm. Balalarımız firavan yaşasınlar, evlərindən gülüş və körpə səsi əskik olmasın. Bir insanın öz xalqına, vətəninə arzu edə biləcəyi ən gözəl diləklər bunlardır. Özümə isə cansağlığı və yeni-yeni yaradıcılıq uğurları, maraqlı rollar arzulayıram”.
Cəvahir












