İlham Əliyev: “Biz indi borc alan ölkə deyil, borc verən ölkəyik”

Son 15 il ərzində Azərbaycanda iqtisadi artım çox sürətlə gedib, deyə bilərəm ki, iqtisadiyyat üç dəfədən çox artmışdır. Yəni, ümumi daxili məhsul 300 faizdən çox artmışdır və əlbəttə, bu, imkan verdi ki, biz həm iqtisadi gücümüzü artıraq, həm də infrastruktur layihələrini icra edək.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Bakıda keçirilən Azərbaycan-Ukrayna biznes forumunda çıxışı zamanı deyib.

Prezident bildirib ki, əgər 15 il bundan əvvəl yoxsulluq təxminən 50 faiz səviyyəsində idisə, bu gün bu, 5 faiz səviyyəsindədir. Yəni, bu, onu göstərir ki, təbii resurslardan əldə edilmiş gəlirlər cəmiyyətdə bərabər şəkildə bölünür və cəmiyyətin hər bir təbəqəsi bundan fayda görür.

“Bu il biz çox ciddi sosial paket təqdim etdik. Əhalimizin təxminən yarısı – 4 milyon 200 min nəfər geniş sosial paketlə əhatə olundu, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər isə 100 faiz artırıldı və Azərbaycan dövləti öz siyasətinin mahiyyətini bir daha göstərdi. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz əldə edilmiş əlavə gəlirləri ilk növbədə sosial layihələrə yönəldirik. Eyni zamanda, təbii ki, infrastruktur layihələri də önəmli yer tutur”.

Dövlət başçısı biznes mühitini xarakterizə etmək üçün bildirib ki, Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Bu, o deməkdir ki, geniş özəlləşdirmə prosesi artıq tamamlanmaq üzrədir.

“Dövlətin inhisarında yalnız strateji aktivlər qalıbdır. Məsələn, Dövlət Neft Şirkəti – bizim enerji şirkətimiz, su şirkətimiz, yol tikintisi şirkəti, dəmir yolu, Xəzər Gəmiçiliyi, AZAL – bizim hava yolları və bir neçə başqa şirkət. Onlardan başqa bizim bütün digər qurumlarımız özəl sektorda fəaliyyət göstərir və əlbəttə ki, bu, xarici investorlar üçün də çox gözəl iqlim yaradır”.

Prezident, həmçinin qeyd edib ki, son dövrlərdə vergi və gömrük orqanlarında aparılan islahatlar bu sahələrdə öz nəticəsini verməkdədir.

“Ölkəmizdə bu sahələr çox problemli sahələr idi. Amma son bir neçə il ərzində çox ciddi islahatlar aparıldı və artıq bu sahələr şəffaflaşdı və biznes dərhal müsbət reaksiya verdi. Bu ilin 11 ayında vergi və gömrük orqanları xəzinəyə plandan əlavə təqribən 600 milyon dollar vəsait daxil etmişlər. Xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada doqquzuncu yerdədir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Yəni, biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Bu yaxınlarda Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatına görə Azərbaycan təmiz donor ölkəsinə çevrilibdir. Yəni, biz indi borc alan ölkə deyil, borc verən ölkəyik. Biz özümüz də xarici ölkələrə sərmayə qoyuruq. Bu sərmayələr 20 milyard dollardan artıqdır. Bizim təşəbbüsümüzlə bölgədə çox önəmli enerji və nəqliyyat layihələri həyata keçirildi. Bu layihələrin həyata keçirilməsində xarici banklar, Avropa bankları, Asiya bankları bizə öz maliyyə dəstəyini göstərdi. Biz bu dəstək və daxili resurslarımız hesabına Xəzər dənizini neft kəmərləri ilə Qara dəniz və Aralıq dənizi ilə birləşdirdik. Eyni zamanda, Azərbaycandan Avropaya uzanan 3 min 500 kilometrlik qaz xətti artıq tamamlanmaq üzrədir. Gələn il biz bunun açılışını qeyd edəcəyik və beləliklə, Azərbaycan nəinki neft ixracatçısı, eyni zamanda, qaz ixracatçısı kimi dünyada öz sözünü deyəcək.

Bununla paralel olaraq biz artıq elektrik enerjisini də ixrac edirik, o cümlədən Avropaya. Artan enerji generasiya güclərimiz imkan yaradır ki, – təbii ki, biz daxili tələbatımızı ödəmişik, – başqa ölkələrin enerji təhlükəsizliyinə də töhfə veririk”, – deyə Prezident İlham Əliyev çıxışında vurğulayıb.

COP29