Azərbaycan Respublikası Prezidenti İlham Əliyev“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 iyun tarixli 151-VIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Yenicag.az sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Təyyar Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Təyyar Cümşüd oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fəxrəddin Qədirova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fəxrəddin Əbülfət oğlu Qədirova “Əməkdar elm xadimi” fəxri adı verilsin.
www.yenicag.az