Reklam: High Technic
hightechnic

İlham Əliyev: "Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur"

“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu gözəl mənzərə fonunda Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalıbdır. Bu da təbiidir. Çünki bizim siyasətimiz məhz bundan ibarətdir. Ermənistan bütün məsələlərdən təcrid olunmuş vəziyyətdədir, bir dənə də olsun regional əməkdaşlıq formatında iştirak etmir. Təkcə ona görə yox ki, biz buna imkan vermirik, – halbuki, hesab edirəm, bu, əsas amildir, – eyni zamanda, ona görə ki, Ermənistan nə siyasi, nə iqtisadi, nə nəqliyyat baxımından heç bir maraq doğurmur”.

Yenicag.az xəbər verir ki, bunu prezident İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxşında deyib.

Prezident bildirib ki, Ermənistan siyasi baxımdan müstəqil deyil, satellit ölkədir:

“Ermənistanın gələcəyi ilə bağlı ölkə daxilində qəbul edilmiş qərarlar böyük məna daşımır. Bu ölkəyə iqtisadi cəhətdən heç bir investisiya qoyulmur, investorlar maraqlı deyillər. Burada bir neçə amil rol oynayır, birinci növbədə, baş alıb gedən rüşvətxorluq, oğurluq, korrupsiya halları, digər tərəfdən vətəndaşların kütləvi surətdə Ermənistandan çıxması, yəni, köç kütləvi xarakter alıbdır. İnvestisiya iqlimi çox bərbaddır və bazar məhdudluğu imkan vermir ki, bu ölkəyə investisiya qoyulsun.

Daha sonra dövlət başçısı çıxışında:

“Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik”, – deyib.

www.yenicag.az

1627