Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını İsa peyğəmbərin mövludu münasibəti ilə təbrik edib.
Dövlət başçısının təbrikində deyilir:
“Hörmətli həmvətənlər! Sizi, eyni zamanda, Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərib, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, Azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdiriblər.
Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi müasir mərhələdə həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindən biridir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilib. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün cəmiyyətimizin ayrılmaz üzvləri olan xristian etiqadlı həmvətənlərimiz millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verərək ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edirlər.
Əziz dostlar!
İsa peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan və hər il Azərbaycanda xüsusi coşqu ilə qeyd edilən Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy bu əziz gün ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət gətirsin. Bayramınız mübarək olsun!”.
www.yenicag.az