!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Sumqayıtda zavod açılışında - FOTO/VİDEO

!Reklam – Yazi

14:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gedib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə görülən işlər haqqında dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

***

14:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, parkın rezidentləri barədə məlumat verib.

Zavodun baş direktoru Adəm Yayla Prezident İlham Əliyevə müəssisə haqqında məlumat verərək bildirib ki, 2016-cı ilin martında rezident kimi qeydiyyata alınan zavod İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılıb. İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır. Zavodun məhsullarının Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixracı nəzərdə tutulur. İnvestisiya dəyəri 3,5 milyon dollar olan layihə çərçivəsində 60 nəfər daimi işlə təmin olunacaq.

Prezident İlham Əliyev zavodu işə salıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib.

“Tabaterra” QSC-nin direktoru Elman Cavanşir dövlət başçısına məlumat verib ki, zavodda 3 formatda – ağır, yüngül və daha yüngül olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal olunacaq və “Made in Azerbaijan” brendi altında istehlakçılara təqdim ediləcək. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 3 növdə 11 milyard ədəd filtrli siqaretlər istehsal ediləcək. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək. Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Burada istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına tam uyğun surətdə aparılacaq. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb.

Dövlət başçısı müəssisəni işə salıb.

Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşüb.

Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdıran dövlət başçısı bunun ölkə iqtisadiyyatına böyük töhfə verəcəyini dedi, iş yerlərinin yaradılmasında bu cür layihələrin əhəmiyyətinə toxunub. “Sumqayıt Kimya Sənaye Parkının timsalında biz uğurlu sənaye siyasətimizi görürük”, – deyən Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı bir çox layihələrin həyata keçirildiyini bildirdi, bundan sonra da bu istiqamətdə işlərin görüləcəyini vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

***

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Sumqayıt dəmir yolu stansiyasının tikintisi, Bakı dairəvi, Ləki-Qəbələ, Astara-Astara dəmir yolu xətlərinin çəkilişi ilə bağlı görülən və bundan sonra layihələrdə nəzərdə tutulan işlər barədə dövlət başçısına məlumat verib.

Üçmərtəbəli Sumqayıt dəmir yolu vağzalının sahəsi 5,5 min kvadratmetrdir. Binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, stansiyada 7 yol yenidən qurulub və çəkilmiş dəmir yollarının ümumi uzunluğu 5 min 20 paqonmetrdir. Kompleksdə 12 yol dəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib.

Sonra Prezident İlham Əliyev Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə Bakıya gəlib.

Qeyd edək ki, son illərdə lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində İsveçrənin “Stadler Rail Group” şirkətindən KİSS markalı ikimərtəbəli elektrik qatarları alınaraq ölkəmizə gətirilib. Həmin qatarlar 2015-ci ildə Bakı-Sumqayıt marşrutu ilə hərəkətə buraxılıb. Saatda 160 kilometr sürətlə hərəkət edən və 4 vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 700 nəfər, oturacaq yerlərin sayı isə 367-dir.

Bakı dəmir yolu vağzalına gələn Prezident İlham Əliyev burada 2016-cı ildən bəri alınmış yeni sərnişin qatarları, lokomotivlər və müxtəlif dəmir yolu texnikalarına baxıb. “EVOLUTİON” seriyalı teplovoz Qazaxıstan istehsalıdır və saatda 120 kilometr sürətlə hərəkət edir. Sabit cərəyanla işləyən lokomotiv isə Gürcüstanda istehsal olunub və sürəti saatda 100 kilometrdir. Dövlət başçısına “Alstom Transport” ikisistemli sərnişin lokomotivi də təqdim olundu. Bu lokomotiv sabit, həmçinin dəyişən cərəyanla işləyir və saatda 160 kilometr sürətlə hərəkət edir. Bütövlükdə Avstriya, Rusiya, Çexiya və digər ölkələrdən alınan yeni lokomotiv və avadanlıqlar təmir-tikinti və istismar proseslərinin tamamilə avtomatlaşdırılmasına və mexanikləşdirilməsinə imkan yaratmaqla dəmir yollarında daşımaların təhlükəsizliyini gücləndirəcək, xüsusilə də sərnişinlərə xidməti daha yüksək səviyyəyə qaldıracaq.

Sonda xatirə şəkli çəkdirilib.

COP29

www.yenicag.az

6118
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv