“Məhkəmədən kənar aparılan araşdırmanın nə yerdə olduğu ilə bağlı cavab ala bilmirəm”.
Yenicag.az xəbər verir ki, bu fikirləri həyat yoldaşı həkim səhlənkarlığı ucbatından sağlamlığını itirmiş tanınmış teleaprıcı-jurnalist Günel Gözəlova deyib.
Günel Gözəlova məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət etdiyini, müraciətinə operativ cavab verilərək aidiyyatı üzrə araşdırlmasının tapşırıldığını qeyd edib.
Jurnalistin sözlərinə görə, prezidentin tapşırığı müvafiq qurumlar tərəfindən yerinə yetirilmir:
“31 may 2021-ci il tarixində tərəfimdən, məhkəmədən kənar, bir jurnalist, zərəçəkən və çəkməkdə davam edən, ailəsi “həkim” Araz Bayramov tərəfindən tar-mar edilən, karyerasına başına gələnlər ucbatından davam edə bilməyən, azyaşlı övladı aylardır atası gözünün önündə sağ ola-ola atasızlıq yaşayan bir qız uşağının anası kimi başıma gələnləri ölkəmin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci Vitse-prezident, xanım Mehriban Əliyevaya, eyni zamanda daxili işlər naziri Vilayət Eyvazov, Baş prokuror Kamran Əliyev, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev, səhiyyə nazirinin birinci müavini Teymur Musayevə məktub vasitəsilə çatdırdım. Məktublara çox operativ münasibət bildirildi, poçt vasitəsilə aldığım cavablara əsasən anladım ki, problem araşdırılması üçün AR Baş Prokurorluğuna göndərilib. Nəticədə Nərimanov Rayon Prokurorluğu məsələnin araşdırılması istiqamətində işə başladı, bundansa məndən izahat almaq üçün quruma dəvət olunanda xəbərdar oldum.
Amma və lakin… 1 aydır həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, həm Azərbaycan Respublikasının Baş Prokurorluğu, həm də Nərimanov Rayon Prokurorluğundan məhkəmədən kənar aparılan araşdırmanın nə yerdə olduğu ilə bağlı cavab ala bilmirəm. Həmkarlarım, adıçəkilən qurumların mətbuata cavabdeh şəxsləri Parviz Əbubəkirov, Günay Səlimzadə biri digərini təkzib edən cavablar verir.
Baş Prokurorluq araşdırma üçün Səhiyyə Nazirliyinə məktub yolladıqlarını, Səhiyyə Nazirliyi isə almadıqlarını deyir. Eyni zamanda, Səhiyyə Nazirliyinin mənlə əlaqə saxlayan əməkdaşı Səkinə xanım ekspertin məzuniyyətdə olduğu üçün cavabın gecikdiyini söyləyir. Beləliklə, ölkəmin başçısı, cənab prezident İlham Əliyevin gecikdirmədən araşdırmaya göndərdiyi problemlə bağlı ekspert həkimin istirahətinin bitməsini gözləyirəm. Yoldaşım Anar Gözəlovu şikəst edən Araz Bayramovsa özünü sosial setlərə dollar xərcləməklə PR edir, müştəri yığır və pul qazanır!
Görəsən, kimdir müqəssir və biz indiki durumda nə edək?!”
www.yenicag.az