İlham Əliyevin sülh diplomatiyası Avropada hansı planı pozdu? Niderland və Belçikanın səs-küyünün PƏRDƏARXASI

media-hightechnic-468x90

 

media-banner_tuq

Avropadan Qafqaza uzanan bu barmaq artıq bütün tərəfləri bezdirir.

Min kilometrlərlə uzaqda oturan və Rəcəb İvedik demişkən, heç nədən bir “şey” anlamayan avropalı siyasilər yenə regionun taleyi ilə oynamaq həvəsinə düşüblər.

Bəli, Belçika və Niderland parlamentlərinin qəbul etdiyi qətnamələr sülhə dəstək yox, açıq şəkildə təxribatdır. Bu, ədalətin bərpasına çağırış deyil, qərəzin kağıza köçürülmüş formasıdır.

İki qonşu uzun illərin münaqişəsindən sonra nəhayət masa arxasına oturub danışmağa çalışır. Amma Avropanın bəzi paytaxtları yenə də araya girmək, prosesi pozmaq, nifaq toxumu səpmək istəyirlər. Çünki regionda sülh yox, gərginlik onların maraqlarına daha çox uyğundur.

Ən qəribəsi isə odur ki, bu dərsi keçməyə çalışan ölkələrin öz daxilində problemlər baş alıb gedir. Belçikanın kantonları öz aralarında razılığa gələ bilmir, ölkənin daxilində siyasi parçalanma dərinləşir. Avropanın bir çox ölkəsində sosial gərginlik, təhlükəsizlik problemləri, miqrasiya böhranı tüğyan edir. Cəmiyyətlərində kimlik və dəyərlər böhranı yaşanır, hansı istiqamətə getdiklərini özləri də tam müəyyən edə bilmirlər.

Amma bütün bu qarışıqlığın içində yenə də Qafqaza barmaq silkələməkdən çəkinmirlər. Öz evində sabitlik qura bilməyənlərin başqa regionlara dərs keçməsi ironiya olmaqla bərabər, həm də siyasi riyakarlıqdır.

Qəbul etmək istəmirlər ki, Qafqazda reallıq dəyişib. Qarabağ məsələsi artıq bağlanmış səhifədir. İlham Əliyevin dediyi kimi: “Qarabağ Azərbaycandır!”

Bu, sadəcə bir şüar deyil. Bu, tarixə şəhid qanları ilə yazılmış bir nəticədir. Bu, otuz il davam edən ədalətsizliyin sona çatmasının rəsmi bəyanıdır.

Bəli, otuz il sonra Azərbaycan “dəmir yumruğu” ilə prosesi dəyişdi. Otuz il gözləyən, səbir edən, amma haqqından vaz keçməyən bir dövlət nəhayət öz sözünü dedi. Və bu söz artıq təkcə bölgədə deyil, dünyanın paytaxtlarında eşidildi.

Dünən Cəbrayıla yol çəkmək istəyənlər bu gün o bölgədə qurulan yeni həyatın nəticələrinə baxmaq məcburiyyətində qalıblar. Bu, sadəcə bərpa deyil, dövlət iradəsinin nümayişidir.

Azərbaycanın müzəffər Ali Baş Komandanı bölgədəki bütün köhnə planları darmadağın etdi. İllərlə kağız üzərində saxlanılan, münaqişəni dondurmaq üzərində qurulan ssenarilər 44 günün içində tarixə çevrildi. Çünki yeni reallığı artıq Azərbaycan özü yazdı. Bu reallıq masa arxasında deyil, meydanda formalaşdı.

Bu gün Qafqazda yeni düzən var. Bu düzənin müəllifi də, təminatçısı da Azərbaycandır. Bu düzən gücə yox, ədalətə söykənir. Bu düzən revanşizmə yox, sülhə əsaslanır.

Kimlərsə hələ də köhnə xəritələrlə danışmağa çalışır. Kimlərsə hələ də keçmişin xəyalları ilə yaşayır. Amma reallıq dəyişib. Və bu reallığı dəyişən dövlətin adı Azərbaycandır. Paşinyan belə bu gerçəklə barışıb; Ermənistanda Avropa və Rusiyanın “tırka”sı ilə bu xülyaya düşənləri tez-tez oyandırır ki, “ay bala, elə olmaz”.

Barışa bilməyənlər isə uzaqdan səs salan siyasi riyakarlardır, savaşdan qidalanan erməni diasporudur. Çünki sülh onların təsir imkanlarını azaldır. Çünki güclü Azərbaycan onların planlarına sığmır.

Ancaq nə etsələr də, fayda verməyəcək.

İki qonşu sülhə qərar veribsə, üçüncü tərəf artıqdır. Qafqazın taleyi Brüsseldə yazılmır. Qafqazın taleyi Bakıda və İrəvanda həll olunur.

Bunun üçün “it əl çəkir, motal əl çəkmir”. Mən “it” dedikdə keçmiş düşmənimizi, hazırda isə yenidən qonşu olmağa çalışdıqlarımızı nəzərdə tutmuram. “İt” deyə 44 günlük savaşdan sonra da Paşinyandan betər ermənilik edənləri çağırıram. Onların başında gedənlər belə son aylarda Azərbaycanla normallaşma siyasətinə üstünlük verir. Görürlər ki, Qafqazın lider dövləti ilə kəllə-kəlləyə gəlməklə özləri itirir. Milyonluq, milyardlıq layihələri itirirlər. Regiondakı dayaqlarını itirirlər.

Ona görə də daha praqmatik davranmağa üstünlük verirlər. Bu misalın “motalı” olan Niderlandla Belçika isə yeni asqırıb ayıldıqlarından prosesə arxadan qoşularaq barış prosesini pozmağa çalışırlar.

Karvan isə nə edir? Karvan yoluna davam edir.

Aqil Ələsgər

 

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05