İlham Mirzəyevin vəkili: “Görüşümüzdə bildirdi ki, vətənimə sadiq insanam”
Tanınmış teleaparıcı, hazırda dələduzluq (CM 178-c maddə) ittihamı ilə saxlanılan İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə AzNews.az-ın suallarını cavablandırıb:
-Xanlar müəllim, İlham Mirzəyev hazırda harada saxlanılır?
– Məndə olan məlumata görə bu günə kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırdı. İndi hara apardıqlarından xəbərim yoxdur.
– Mətbuatın yazdığına görə aprelin 12-də Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə İlham Mirzəyevin ürəyi gedib. Yazılanlar nə dərəcədə doğrudur?
– Xeyr, mətbuat onu tamamilə səhv yazır. Guya ürəyi gedib, ay nə bilim nə. Heç kimin ürəyi getməyib. Orda əməliyyat qrupu olub, orda məhkəmə olub, prokuror və mən olmuşam. Tamamilə əsassız məlumatlardır.
– Hazırda onun ailəsi ilə əlaqəniz var?
– Tam şəkildə yox. Amma yəqin ki, gələcəkdə olacaq. Ayın 10-da ailəsi ilə müqavilə bağlamışam.
– Bildiyimə görə ailəsi hazırda Şirvan şəhərindədir.
– Ayın 10-da onlarla müqavilə bağlamışam. Ondan sonra hardadılar, dəqiq məlumatım yoxdur.
– İlham Mirzəyevlə son dəfə nə vaxt görüşmüsünüz?
– Son dəfə srağagün görüşmüşük.
– İttihamlarla bağlı nə deyir?
-Təqsirini boynuna almır, deyir ki, bu, şər və böhtandır, mən dövlətimə sadiqəm. Ölkənin prezidenti başda olmaqla bütün məmurlara, hüquq-mühafizə orqanlarının rəhbərlərinə böyük hörməti var. Görüşümüzdə mənə bildirdi ki, vətənimə də sadiq insanam. Dedi ki, mətbuatdan kim səndən soruşsa, bu sözləri mənim adımdan de. İndi sizə dediyim sözləri o məhkəmədə də söylədi.
– Xanlar müəllim, onu idarəyə çağırıb saxlamışdılar, yoxsa..?
– Yox, bildiyimə görə gəlib klinikadan aparmışdılar. Xahiş edirəm, bunu bir daha qeyd edin ki, o, ölkə rəhbərliyi haqda hər zaman yüksək fikirdə olub.(aznews.az).