!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlon Mask Trampın seçkiqabağı kampaniyasına gizlicə ianə edib

!Reklam – Yazi

ABŞ Prezidenti Co Baydeni getdikcə daha çox tənqid edən milyarder İlon Mask onun rəqibi, Ağ evin keçmiş rəhbəri Donald Trampın seçilməsinə nail olmaq üçün çalışan siyasi qrupa ianə edib.

Yenicag.az xəbər verir ki, bu barədə şənbə günü, iyulun 13-də “Bloomberg” agentliyi öz mənbələrinə istinadən yazıb.

Agentliyin hesabatında İlon Maskın nə qədər ianə verdiyi dəqiq göstərilmir, lakin “America PAC” qrupuna verilən “böyük” məbləğdən bəhs edilir. Məqalənin müəllifləri qeyd edirlər ki, “America PAC” siyasi fəaliyyətlər üçün qeyri-məhdud ianələr ala bilər, lakin iyulun 15-dək donorlarının siyahısını açıqlamalıdır.

Əvvəllər Mask siyasi kampaniyalara sponsorluq etdiyini inkar edirdi. Milyarder bir sıra dünya agentliklərinin bu mövzuya yeni şərh vermək istəyini cavablandırmayıb.

“America PAC” qrupu Tramp üçün “pərdə arxasında” fəaliyyət göstərir. “Bloomberg” yazır ki, seçiciləri cəlb etmək üçün ən intensiv kampaniya və seçkilərin nəticəsini daha çox müəyyən edən əsas ştatlarda genişmiqyaslı iş aparılır.

Trampın tərəfdarı olan təşkilatlar arasında “America PAC” amerikalı seçicilər ilə birbaşa əlaqəsi olan ən böyük ödəyicidir. “Bloomberg”in istinad etdiyi hesabatlara görə, bu qrup indiyədək 15,8 milyon dollar xərcləyib, bunun 13,1 milyon dolları yerlərdəki fəaliyyətlərə sərf olunub. Qrup, həmçinin mediada sifarişlə hazırlanmış materialların, SMS göndərişlərinin və seçicilər ilə telefon əlaqəsinin haqqını ödəyir.

Məqalədə deyilir ki, bütün bunlar respublikaçılara Trampın rəsmi kampaniyasına pul xərcləmək üçün ciddi maliyyə üstünlüyü verir ki, bu da indiki prezident seçkilərini ABŞ tarixində ən bahalı seçkiyə çevirəcək.

İlon Mask ilə Donald Tramp arasında əvvəllər toqquşma olsa da, son vaxtlar onlar daha da yaxınlaşıb. İndi milyarder eks-prezidentə elektrik avtomobilləri və kriptovalyuta məsələlərində məsləhətlər verir. Öz növbəsində, Tramp bildirib ki, o, elektromobillərin böyük həvəskarıdır.

“Reuters” eks-prezidentin sözlərindən sitat gətirib: “Mən İlonun pərəstişkarıyam. O, “Tesla” ilə inanılmaz işlər görür”,

Hazırda İlon Mask 263,6 milyard dollarlıq sərvətlə “Bloomberg”in milyarderlər siyahısına başçılıq edir. Onun kapitalı əsasən elektromobil istehsalçısı “Tesla” və kosmik texnologiyaların təminatçısı “SpaceX”, həmçinin “X” sosial platformasının səhmlərindən ibarətdir.

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın Respublikaçılar Partiyasından namizədliyinin gələn həftə rəsmən irəli sürüləcəyi gözlənilir.

COP29

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv