İmişlidə ağır yol qəzası baş verib
İmişli rayonunda baş verən avtomobil qəzasında ər və arvad ölüb, azyaşlı nəvə isə ağır yaralanıb.
İmişli rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gecə saat 24.00 radələrində İmişli-Qaradonlu avtomobil yolunun Soltanmuradlı kəndindən keçən ərazidə baş verib. İmişli rayon Soltanmuradlı kənd sakini 60 yaşlı Fəxrəddin Əzizalıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və avtomobil aşaraq yoldan kənara yuvarlanıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 59 yaşlı Əzizalıyeva Gülnar aldığı xəsarətlərdən dünyasını dəyişib. Avtomobildə olan 6 yaşlı nəvə Əzizalıyev Ayxan isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti ağır olduğundan Bakı xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.