İmtahandan kəsilən Fransızsayağı “demokratiya” – Makron üçün HƏLQƏ DARALIR
“Dünyaya demokratiya və insan haqlarından dərs keçməyə çalışan qüvvələr indi sanki həmin fəndən imtahan verir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, özünü demokratiyanın və insan hüquqlarının banisi sayan Fransada yaranan iğtişaşların necə amansızlıqla yatırıldığından danışıb.
Deputat bildirib ki, Fransada baş verən proseslər xalqın, nəhayət, özündə cəsarət taparaq Makron hökumətindən tamamilə canını qurtarmaq istəyini göstərir:
“Hökumətdə aparılan dəyişikliklər Fransa Prezidenti Emmanuel Makronun mövqelərini gücləndirmir. Əksinə, müxalifətin daha da qəzəblənməsinə səbəb olur. Makronun siyasətini müdafiə edən və ona sadiqliyini nümayiş etdirən şəxsin baş nazir postuna gətirilməsi hazırda yaşanan narazılıqların qarşısını almaq imkanlarını azaldır. Bu baxımdan, Fransa, xüsusən də Makron hökuməti diqqəti daxili problemlərdən yayındıraraq xarici məsələlərə yönəltməyə çalışır”.
“Cənubi Qafqazla bağlı verilən müxtəlif açıqlamaların da əsas məqsədi bölgədə azalan nüfuzunu qorumaq və mövcudluğunu gücləndirməkdir. Halbuki biz dəfələrlə Makron hökumətinə tövsiyə etmişik ki, Fransa öz daxili problemlərinin həllinə daha çox diqqət ayırsın. Eyni zamanda Cənubi Qafqazdakı proseslərə, xüsusilə Azərbaycan–Ermənistan münasibətlərinə qarışmasın”, – deyə o, əlavə edib.
Onun sözlərinə görə, son illərdə Fransanın Ermənistanı cəsarətləndirməsi danışıqlar prosesinə ciddi zərbələr vurub:
“Ermənistanın dəfələrlə törətdiyi təxribatların əsas səbəblərindən biri də məhz Fransanın yanlış siyasəti olub. Əgər Fransa elə addımları atmasaydı, bu gün müşahidə olunan yaxınlaşma prosesini biz 2-3 il əvvəl də yaşaya bilərdik, nəticələr isə daha sürətli əldə oluna bilərdi. Hazırda Fransada baş verən hadisələrdən belə nəticə çıxarmaq olar ki, Makron hökumətinin sonu yaxınlaşır. Yeni hakimiyyətə gələcək şəxslər isə uzun illər Makronun səhvlərini düzəltməklə məşğul olacaqlar. Xüsusilə də Azərbaycana qarşı edilmiş haqsızlıqların, yanlış siyasətin aradan qaldırılması üçün Fransa hökumətinə ciddi işlər görmək lazım gələcək”.
N. Həmzəyev əmin edib ki, Azərbaycanın mövqeyi aydındır və prinsipialdır:
“Ermənistan da artıq baş verən prosesləri düzgün qiymətləndirməyə başlayır. Ümid edirik ki, Ermənistan yenidən eyni səhvləri təkrarlamayacaq, yaranmış şəraiti düzgün dəyərləndirəcək və öhdəliklərini yerinə yetirəcək. Əsas odur ki, Ermənistan bundan sonra da havadarlarının təsiri altına düşməsin və proseslərə mənfi təsir göstərməsin”.
Millət vəkilinin fikrincə, Paşinyanın bəyanatlarından görmək olur ki, hələ də sülh istəməyən, prosesi pozmağa çalışan qüvvələr mövcuddur:
“Onlardan biri də məhz Makron hökuməti və şəxsən Makronun özüdür. Lakin Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra Makron hökumətinin prosesləri köklü şəkildə dəyişdirmək gücü qalmayıb. O, müəyyən maneələr yarada, müəyyən təsirlər göstərə bilər, amma danışıqları tam dayandırmaq və ya istiqamətini dəyişmək imkanına malik deyil. Çünki Makronun başı, əsasən, daxili siyasi böhranlara qarışıb”.
“Dünyaya demokratiya və insan haqlarından dərs keçməyə çalışan qüvvələr indi sanki həmin fəndən imtahan verir. Ancaq imtahanın müsbət nəticələnməsi ehtimalı çox aşağıdır. Çünki Fransa polisi və hökumətinin vətəndaşlara qarşı sərgilədiyi siyasət artıq nəticənin mənfi olacağını deməyə əsas verir”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli