İmtiyazlar içində üsyan və yaxud Səyyad Salahlının 5-cə minlik “giley”i – REPLİKA

media-hightechnic-468x90

Deyirlər, adam gərək danışanda sözün yerini bilə. Bəzən susmaq da ustalıqdır, amma görünür, bəziləri susmağın savabını hələ də öyrənməyib. Milli Məclisin hörmətli deputatı Səyyad Salahlı ötən həftə rezonans doğuran bir açıqlama vermişdi. Belə ki, millət vəkilimiz buyurmuşdu ki, “5 min manat maaşla dolana bilmirəm”. Sözün açığı, belə bəyanatları eşidəndə adam düşünür ki, görəsən, bu bəzi millət vəkilləri harada yaşayır, hansı planetdə nəfəs alırlar?

Əziz deputat, siz 5 min manatla dolana bilmirsinizsə, bəs o insanlar ki, 400 manat maaşla övlad böyüdür, ev kirayəsi ödəyir, dərmana, geyimə, məktəbə pul çatdırmağa çalışır – onların həyatını necə adlandırmaq olar? Yəqin, bu cür insanlar sizə masal qəhrəmanları kimi görünür, elə deyilmi? Axı millətin halını bilməyən, onun qazandığı çörəyin dadını duymayan bir adam necə “millət vəkili” ola bilər? Bəlkə də bu ifadənin içindəki “millət” sözünü başqa mənada başa düşürsünüz, çünki xalqın dərdi sizə bəlkə də artıq yaddır. Hər gün sürücüsü, xidməti avtomobili, xüsusi yemək menyusu və zəmanətli maaşı olan biri üçün 5 min manat “quru qəpik” kimi görünə bilər. Amma bir az nəfəs alıb, maaş kartına göz gəzdirən sadə vətəndaşı da düşünmək olar, Səyyad müəllim…

Əslində, problem təkcə Səyyad Salahlının dediyi sözlər deyil, bu sözlər sadəcə bir simvoldur. Bu, bəzi deputatların xalqla olan əlaqəsinin nə qədər süni və saxta olduğunu göstərir. Onlar sadəcə parlamentin salonunda oturub düymə basmaqla millətə “vəkillik” etdiklərini zənn edirlər. Amma unudurlar ki, millətin səsini daşımaq, onun gündəlik həyatını, çörək dərdini, kirayə stressini başa düşmək lazımdır. Heç kim sizdən çörəyi bölüşməyi tələb etmir, amma ən azı danışarkən bir az insaflı olun. Çünki sizin o “dolana bilmirəm” dediyiniz 5 min manat bu ölkədə minlərlə ailənin illik ümumi qazancından artıqdır. Hələ utanmadan bu sözləri demək – xalqın gözünün içinə baxaraq demək – bu, artıq sadəcə məsuliyyətsizlik deyil, həm də hörmətsizlikdir.

Dövlətin verdiyi vəzifə əmanətdir və hər əmanətin bir haqqı var. O haqq da millətin etimadını doğrudan daşımağa çalışmaqdır. Amma siz 5 min manatın az olduğunu deyə-deyə, əslində, o etimada hörmət qoymadığınızı göstərirsiniz. Millət vəkilliyindən çox öz marağının vəkili olmaq istəyi nə yazıq ki, bəzi kürsülərdə öz əksini çox gözəl tapıb. Amma xalqın yaddaşı güclüdür.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600