İnhisarçıların “atəşlədiyi” DAXİLİ BAZAR: “Gömrükdən yan keçmək, yaxud da cüzi ödənişlər etməklə…” – REAKSİYA
“Kəndli, yaxud da fermer böyük xərc və əziyyət bahasına yetişdirdiyi məhsulunu sata bilməyəcəksə, bu işə heç bir marağı qalmayacaq”.
Bu fikirləri Azərbaycanın bir sıra bölgələrində istehsalçıların sata bilmədikləri səbəbindən yetişdirdikləri məhsulu sahələrdən yığmamalarına münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədrinin sözlərinə görə, hökumət əhalinin yetişdirdiyi, amma bazara çıxara bilmədiyi məhsulun maya dəyərindən artıq qiymətə alışını təşkil etməlidir:
“Müəyyən inhisarçılar var ki, gömrükdən yan keçmək, yaxud da cüzi ödənişlər etməklə ölkəyə çox ucuz qiymətə məhsul gətirərək bazarı doldururlar. Bu baxımdan, inhisarçılar daxili bazarın qorunması üçün tədbirlər görülməsinə imkan vermirlər.
Fikrimcə, Kənd Təsərrüfatı Nazirliyi onun funksiyalarına daxil olan vəzifələrdən biri kimi daxili bazarın qorunması üçün müəyyən addımlar atmalıdır. Nazirlik, heç olmasa, əhalinin yetişdirdiyi, amma bazara çıxara bilmədiyi məhsulun maya dəyərindən artıq qiymətə alışını təşkil etməlidir.
Bu addım kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün ciddi stimul olardı. Əks halda, əhali də məhsul yetişdirməyə həvəs göstərməyəcək. Çünki kəndli, yaxud da fermer böyük xərc və əziyyət bahasına yetişdirdiyi məhsulunu sata bilməyəcəksə, bu işə heç bir marağı qalmayacaq.
İndi “Kənddən şəhərə” adlı yarmarkalar təşkil olunur. Amma bildiyim qədər o yarmarkalarda da kəndlilər yox, “vasitəçilər”in dəstəklədiyi şəxslər ticarətlə məşğul ola bilirlər. Dediyim kimi, hökumət, Kənd Təsərrüfatı Nazirliyi bu barədə düşünməlidir ki, həm daxili bazar, həm də istehsalçıların hüquqları qorunsun”.
A.Zeynalov