“İstehsalçıya geri göndərilən məhsulun hansı prosesdən keçdiyini heç kim izləmir”.
Bu fikirləri vaxtı keçmiş, yaxud son istifadə müddətinin bitməsinə az qalmış məhsulların endirimli qiymətlə satılması hallarına münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hansısa marketdə endirimli qiymətlə satışa qoyulan vaxtı keçmiş məhsul aşkar olunarsa, qanunvericilikdə həmin sahibkar üçün 1500 manat cərimə nəzərdə tutulur:
“Bu səbəbdən, keçmişə baxdıqda, hazırda vəziyyətin nisbətən yaxşılaşdığını söyləyə bilərik. Təsadüfi hallarda hansısa marketin qayda pozuntusuna yol verərək vaxtı keçmiş məhsulu endirim şərti ilə satdığı müşahidə edilir.
Marketdə vaxtı keçmiş məhsullar varsa, onlar istehsalçıya geri göndərilir. İstehsalçı isə həmin məhsulu yenidən emal edə, yaxud da ümumiyyətlə, dövriyyədən çıxara bilər.
Ancaq istehsalçıya geri göndərilən məhsulun hansı prosesdən keçdiyini heç kim izləmir. Nəticədə isə qablaşdırmadakı tarixi yeni göstərilsə də, satışa çıxarılan o məhsulun köhnə olması istisna edilmir. Həmin məhsulu tədqiq etmək isə Qida Təhlükəsizliyi Agentliyinin işidir. Vətəndaşların qida təhlükəsizliyinin təmin olunması çox vacib məsələdir”.
Nəsimi Ələsgərli
www.yenicag.az