İnstitut direktoru işdən çıxarılacaq
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aqrar Elmlər Bölməsinin növbəti iclası keçirilib.
AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, gündəlikdə göstərilən məsələlərə əsasən Aqrar və Ekologiya Elmləri üzrə Şuranın təklif olunan tərkibinə baxılıb. AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun təklifi əsasında Şuranın tərkibinə biologiya üzrə elmlər doktoru Aydın Əsgərov əlavə olunub.
İclasda həmçinin institutlarda attestasiyanın keçirilməsi haqqında məsələ qaldırılıb və attestasiyanın tez bir zamanda keçirilməsi ilə əlaqədar lazımi tapşırıqlar verilib. Əsas məsələlərdən biri AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşlarının Bölməyə daxil olan yazılı şikayətlər ilə bağlı olub. Şikayətçiləri dinləmək üçün Bölmənin üzvləri ilə birgə AMEA Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev iştirak edib. Şikayətçilərin hər biri dinlənilib. Şikayətçilər arasında həm yazılı ərizəsi ilə müraciət edən, həm də şifahi şikayət etmək üçün institut əməkdaşları da iclasda iştirak edib. Büro üzvləri tərəfindən şikayətçilərə cavab olaraqAMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda direktor vəzifəsini icra edən aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah Məmmədovun cavablarını dinləyiblər. Bölmənin üzvləri bu məsələ ilə bağlı öz fikirlərini bildiriblər.
Nəticə olaraq AMEA Aqrar Elmlər Bölməsinin Bürosu qərara alıb ki, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda direktor vəzifəsini icra edən aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah İlyaz oğlu Məmmədovun tutduğu vəzifəsindən azad edilməsi ilə əlaqədar AMEA prezidenti, akademik Akif Əlizadəyə təqdimat təqdim edilsin.