“InvestAZ”dan həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Yenicag.az həmin məlumatı təqdim edir:

EUR.

Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bank sədrinin Avropada innovativ investisiyaların ABŞ-dan geri qaldığını açıqlaması, EUR/USD məzənnəsinin ucuzlaşmasına səbəb olmuşdur. Beləliklə, məzənnə ucuzlaşaraq, noyabrın minimumunu qırmaq üzrədir. Bu baş verərsə, ucuzlaşma son iki ilin minimumlarına kimi davam edə bilər.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 14:00-da Avrozona üzrə dərc ediləcək inflyasiyaya dair önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.

GBP.

GBP/USD məzənnəsində də ucuzlaşma müşahidə edilir və 1.28$ da aşağı istiqamətdə qırılarsa, 1.27$-a kimi ucuzlaşmanın şahidi ola bilərik.

İngiltərədə hakim partiyanın dekabrda keçiriləcək növbədən kənar parlament seçkisi fonunda bazar günü açıqladığı seçki kampaniyasının da maliyyə bazarlarına təsiri diqqət mərkəzində saxlanılmalıdır.

TRY.

Dünya valyuta birjalarında dolların bahalaşması, özünü USD/TRY məzənnəsində də göstərsə də məzənnə 5.72TL-də müqavimətlə rastlaşır. Təhlillərə əsasən, məzənnə 5.72TL-nin altında qalarsa, 5.67TL-yə kimi ucuzlaşa bilər.

OIL.

Enerji birjalarında isə Avropanın Brent markalı neftin bir barel qiyməti 64$-a kimi dəyər qazandıqdan sonra korreksiya edib. Yenidən 63$-da dəstək görən qiymət, bu səviyyənin üzərində qaldıqca, 65$-a kimi də dəyər qazana bilər.

Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

GOLD.

Əlvan metallar bazarlarında dolların bahalaşması fonunda qızıla tələb azalıb. Lakin qiymət 1456$-ın (46.8 $/qram) üzərində qaldıqca, yenidən bahalaşa biləcəyi proqnozlaşdırılır.