!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 30-cu GÜNÜ: Moskvanın idarəetməsindən çıxan müharibə - TƏHLİL

!Reklam – Yazi

Otuz gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar – 525 ədəd, PDM və ZTR-lər – 1 550 ədəd, artilleriya sistemləri – 233 ədəd, hava hücumundan müdafiə sistemləri – 82 ədəd, təyyarələr – 102 ədəd, helikopterlər – 125 ədəd, avtomobil texnikası – 1 265 ədəd, PUA-lar – 12 ədəd, hərbi obyekt – 222 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 310 ədəd, zenit-raket kompleksləri – 218 ədəd, Rusların 117 ədəd tankı ukraynalılar tərəfindən istifadəyə yararlı halda qənimət götürülüb.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar – 890 ədəd, ZTR-lər – 880 ədəd, artilleriya sistemləri – 485 ədəd, hava hücumundan müdafiə sistemləri – 108 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 550 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 522 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 138 ədəd, zenit-raket kompleksləri – 135 ədəd.

Ukrayna-Rusiya müharibəsinin otuzuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, ötən bir ay ərzindəki döyüşlərə nəzər saldıqda iki uduzanın, bir qalıb gələnin olduğunu görürük:

“Ukrayna Rusiya müharibəsinin başlamasından artıq bir ay keçdi. 30-cu gündə şimalada – Kiyev, Çerniqov, Sumı; şərqdə – Xarkov, Donetsk, Dnepr, Zaparojye; cənubda – Krivoyroq, Moriupol, Volnovaxa, Melitopol, Xerson, Nikolayev yaşayış məntəqələri əsas döyüşlərin davam etdiyi istiqamətlər olaraq qaldı. Ötən sutka ərzində Ukrayna ordusu Rusiya qoşunlarını Kiyevdən 20-30 km şərqə doğru uzaqlaşdırmağa nail oldu. Düşünürəm ki, ruslar bu həddlərdə tələsik müdafiəyə keçməyə, imkan daxilində əks-hücum əməliyyatları da keçirməyə çalışacaqlar.

Strateji hədəfin məhz Kiyev olduğunu nəzərə alsaq, ruslar buraya qayıtmağa dəfələrlə cəhd edəcəklər. Buna onların güc və vasitələri imkan yaradacaqmı, bunu görəcəyik.

Cəbhənin Nikolayev, Xerson, Çernobayevka istiqamətində Ukrayna ordusu geniş hücum əməliyyatı keçirməyə cəhd etdi. Gün ərzində Mariupol şəhərinin müdafiəçiləri rus ordusunun şəhərə bütun hücumlarını uğurla dəf etdilər. Rus hərbi komandanlığı şəhərdən mülki əhalinin çıxması üçün humanitar dəhliz verməkdən imtina etdi və eyni zamanda, şəhərə həm dənizdən, həm də qurudan artilleriya zərbələri endirməyə davam etdi. Mariupol müdafiəçiləri ətraf ərazidən şəhərə daxil olmaq istəyən diversantlar qrupunu pusquya salaraq əsir götürdü. Düşünürəm ki, Ukrayna ordusu Zaporojets ətrafindakı rus ordusuna qarşı aktiv hərbi əməliyyatlara başlamaqla sonradan hücumu Mariupol istiqamətində davam etdirəcək və rus qoşunlarını məhv edərək humanitar dəhliz açmağa çalışacaq. Onların buna həddindən çox ehtiyacı var. Ukrayna ordusunun bölmələri Zaporojets vilayətinə doğru irəlilədi və Malinovka kəndini azad etdi. Xerson itiqamətində rus ordusunun qalıqları kəndlərdə infrastrukturu dağıdaraq mərkəzə hərəkət etdilər.

Brovarsk uğrunda on saat davam edən şiddətli döyüşlərin sonunda Ukrayna xüsusi təyinatlıları Rusiya ordusunun bir tank və bir piyada alayını darmadağın edərək Brovarskı azad etdi. Sumsk vilayəti uğrunda gedən döyüşlərdə rus ordusunun həmlələri Ukrayna ordusu tərəfindən dəf edildi, rus ordusunun bir çox əsgəri əsir götürüldü. Xarkov vilayətində Qərb Hərbi Dairəsinin 59-cu tank alayının Xarkov istiqamətində fəaliyyət göstərən batalyon-taktiki qrupu Ukrayna artilleriyasının atəşinə məruz qaldı, canlı qüvvə və texnikada əhəmiyyətli itkilər verdi.

Rusiyanın Sevastopoldakı hərbi dəniz donanması tərəfindən atılan “Kalibr” qanadlı raketi ilə Kiyev yaxınlığındakı neft bazası vuruldu. Görünən odur ki, ruslar tərəfindən mülki infrastrukturun məhv edilməsi davam edəcək. Ruslar həm canlı qüvvə, həm də hərbi texnika baxımından kritik itkilər verən hava-desant qoşunlarının aviasiya bölmələrinin döyüş qabiliyyətinin bərpası istiqamətində tədbirlər görürlər. Ukraynanın Xarkov vilayətindəki Malıe Roqani yaşayış məntəqəsinin yaxınlığında Rusiya Silahlı Qüvvələrinin Mi-28 döyüş helikopteri hədəfləri səhv salaraq rusların öz bölmələrinin mövqelərini vurdu. Ruslar ələ keçirdikləri ərazilərdə əhaliyə nəzarət etməkdə çox böyük çətinliklərlə üzləşirlər. Donetsk vilayətinin Dokuçaivsk şəhərində ruslar Mariupolu tərk etməyə çalışan mülki şəxslər üçün filtrasiya düşərgəsi yaratdılar.

Bölgədəki humanitar böhran Ukrayna siyasi rəhbərliyini və Avropa liderlərini ciddi surətdə narahat etməyə davam edir. Bir ay ərzində Ukrayna ərazisini 3 milyon 630 min insan tərk edərək başqa ölkələrə köç edib”.

Bir ayın yekununda siyasi kuluaralarda və əməliyyatlar teatrında nələri müşahidə etdik?

“İlk növbədə, Rusiya hərbi planı iflasa uğradı. “Bliçkriq” baş tutmadı. Əsaslandırılması mümkün olmayan itkilər verildi. Hücum qruplaşmasının döyüş hazırlığının gözlənilənin çox altında olduğu aşkara çıxdı. Strateji və operativ səviyyədəki qərargahların hücum qruplaşmalarının bərbad idarəetməsinin və koordinasiyasının şahidi olduq. Komandir və şəxsi heyət qarşıya qoyulan tapşırıqları dəqiq olmaması səbəbindən yerinə yetirməkdə çətinlik çəkdiləri aşkar oldu. Şəxsi motivasiyanın çox aşağı olması da uğursuzluqların əsas səbəblərindəndir. Bərbad təminat və logistika hücum qruplaşmasının hücumlarını normal dəstəkləyə bilmədi. Zirehli texnikalar və avtomobil texnikası yalnız nəqliyyat yollarına bağlı hərəkət etdiyindən asan hədəfə çevrildi. Ukrayna yolları, meşələri və şəhərləri rus texnikalarının “metallomu” ilə dolub daşdı. Hava üstünlüyünə malik olmalarına baxmayaraq, bütün döyüş təcrübəsi olan pilotları və təyyarə parkını qeyri-peşəkarcasına xərclədilər. Ümidləri yalnız Kosmik raket qüvvələrinin tərkibindəki raket artilleriya arsenalına kilidləndi. Raketlər isə yalnız şəhərlərin mülki infrastrukturuna və mülki əhaliyə qarşı effektli oldu. Bu isə beynəlxalq aləmdə Rusiyaya qarşı aqressiyanın artmasına səbəb oldu. Rus qoşunları müharibənin 30-cu günündə Ukrayna ərazisinin cəmi 10 faizini nəzrətə götürə bildi. Bu isə dünyanın ikinci ordusun haqqında fikirlərin mifdən başqa bir şey olmadığını göstərdi. Rusiya iqtisadiyyatı, bank sistemi, əmək bazarı, maliyyə resursları “kollaps”a uğradı.

Görünən odur ki, yalnız nüvə silahına və raket-artilleriya arsenalına arxayın olan Rusiya hərbi rəhbərliyi, bütün bu illər ərzində ordunun “imitasiya”sı ilə məşğul olub və bununla da müharibənin başlanğıcında “hər şeyə qadi ordularının olması”na siyasi rəhbərliyi də inandırmış olub.

Bunun tam əksinə, Ukrayna ordusu əməliyyatlar teatrında daha hazırlıqlı və motivasiyalıdır. Ordu yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirir. Başlanğıcda qüvvələr nisbəti onların əleyhinə olsa da, qarşı tərəfə verdikləri itkilər nəticəsində vəziyyəti öz lehlərinə balanslaşdıra bildilər. Mükəmməl idarəetmə, mobil əməliyyatlar aparma, pusqular qurma, raket zərbələrindən gizlənə bilmə, dünyanın hər yerindən könüllülərin cəlb edilməsi və mükəmməl adaptasiyası bugünkü nəticənin əsas komponentlərindəndir.

“Bayraktar TB2” PUA-larıdan, “Javelin” TƏİR-dən, “Stinger” ZRK–dan, NLOW TƏİR-lərindən 90 faizə yaxın tam dəqiq atışlar nümayiş etdirməsi və bütün bunlara xalqın əvəzsiz dəstək verməsi Ukrayna qoşunlarının uğurlarının əsas səbələrindəndir.

Görünən odur ki, 2014 cü ildən sonra Ukrayna siyasi rəhbərliyi geosiyasi vəziyyəti düzgün qiymətləndirərək təhlükəsizliyini təmin edə biləcək müasir döyüş qabiliyyətli ordu yarada bilib. İnformasiya müharibəsini əməliyyatlardan da uğurlu aparan Ukrayna dünyaya Ukrayna xalqının və ordusunun yeni “model”ini təqdim etdi. Necə ki biz 44 günlük müharibəmizin nəticəsində 21-ci əsrin ordusu “model”ini nümayiş etdirmişdik.

30 gündən sonra Rusiya nə irəli gedə bilir, nə vəziyyəti dəyişə biləcək addımlar ata bilir, nə də müharibəni dayandıra bilir. Çünki müharibəni başlamaq onların əlində idisə, müharibəni bitirmə daha onlardan asılı deyil. Ukrayna tərəfi bunun fərqindədir və daha çoxuna nail olmaq üçün müharibənin bitməsinə razı olmayacağı görünür. İndi həm sahədə, həm siyasi, həm hərbi, həm də maliyyə dəstəyinə görə Ukrayna daha inamlı görsənir.

Rusiyanın strateji resursları hələ tam həcmdə müharibəyə cəlb edilməyib. Rusiya bu resursalarını da kor-təbii şəkildə əməliyyatlara cəlb etməklə onları sahədə boşu-boşuna xərcləməyə davam edəcək. Ukrayna isə əldə etdiyi nailiyyətlərdən ruhlanaraq əks-hücum əməliyyatları keçirməyi davam etdirəcək.

Hələ ki keçən bir ayın nəticəsinə görə, müharibədə iki uduzanın, bir udanın olduğunu görürük. Uduzan Ukrayna və Rusiya tərəfidir. Udan isə Şimali Atlantika Alyansıdır (NATO).

Rusiyanın uzun vədəli müharibədə tükədilməsi NATO-nun strateji planlarına tam uyğun gələn bir durumdur. Əks təqdirdə, Ukraynaya nədən bu qədər dəstək versin ki?
Havadan hücum üstünlüyünü nəzərə almasaq, keçən bir ay Ukraynanın əməliyyatlar teatrına hakim olduğunu göstərdi. Düşünürəm ki, önümüzdəki günlərdə də, sahədə operativ- taktiki vəziyyətin artan templə Ukraynanın lehinə dəişəcəyinin şahidi olacayıq. Rusiyanın sahədəki bu durumu nə qədər qaldıra biləcəyini önümüzdəki günlərdə görəcəyik…

Səxavət Məmməd

COP29

www.yenicag.az

1140
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv