İyirmi bir gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tanklar – 440 ədəd, PDM və ZTR-lər – 1 270 ədəd, artilleriya sistemləri – 205 ədəd, hava hücumundan müdafiə sistemləri – 64 ədəd, təyyarələr – 100 ədəd, helikopterlər – 95 ədəd, avtomobil texnikası – 1 100 ədəd, PUA-lar – 12, hərbi obyekt – 205 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 305 ədəd, zenit-raket kompleksləri – 200 ədəd; yüngül sürətli qayıqlar – 12 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tanklar – 870 ədəd, ZTR-lər – 856 ədəd, artilleriya sistemləri – 444 ədəd, hava hücumundan müdafiə sistemləri – 85 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 040 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 500 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 115 ədəd, zenit-raket kompleksləri – 127 ədəd.
Ukrayna-Rusiya müharibəsinin iyirmi birinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, Rusiya Ukrayna müharibəsinin 21-ci günü Ukrayna ordusunun rus ordusununun hücum qruplaşmasını istiqamətlər üzrə müdafiəyə keçməyə məcbur etməsi ilə, bəzi istiqamətlərdə əks-hücum əməliyyatlarının keçirilməsinə başlaması ilə yadda qaldı:
“Rusiyanın əsas zərbə istiqmətləri Mariupol, Berdyansk, İzyum,Volnovaxi, Nikolayev istiqamətində olmasına baxmayaraq, batalyon taktiki qrupları qarşılarına qoyulan hədəfləri tam ələ keçirə bilmədilər və Ukrayna ordusu tərəfindən dayanmağa məcbur edildilər. Rus qoşunlarının bu həddlərdə dayanması hərbi siyasi rəhbərliyi, təbii ki, qane etməyəcək.
Şimalda Rusiyanın Qərb Hərbi Dairəsinin idarə etdiyi əməliyyatlar da zəifləyib. Rus birləşmələri Xarkov və Kiyev yaxınlığında hücuma keçsələr də, görünür, irəliləmə sürətini itiriblər. Havalar isinir, əkin sahələri yaş palçıq bataqlığına çevrilir və Rusiya qüvvələri Ukraynanın bir çox yerlərində dar və az olan yollara getdikcə daha çox bağlanır. Bu isə onları ukraynalıların pusqularına qarşı həssas duruma gətirir.
Kiyev yaxınlığında Rusiyaya məxsus hərbi karvan artilleriya atəşi ilə bombardman edildi. Mariupol uğrunda gedən döyüşlərdə rus qoşunlarının 150-ci divizyasının komandiri general mayor Mitayev “Azov” döyüşçüləri tərəfindən məhv edildi. Buça-Qostomel istiqamətində rusların toplanma bölgəsində olan çox sayda canlı qüvvəsi və texnikası sıradan çıxarıldı. Cənubda – Çernobayevdə aerodromda rusların çox sayda helikopterləri sıradan çıxarıldı. Eyni zamanda, burada rusların cənub qruplaşmasının Ön Komanda İdarəetmə məntəqəsi sıradan çıxarıldı. Ehtimal olunur ki, burada operativ, strateji səviyyəli vəzifə tutan bir neçə rus generalı məhv edilmiş ola bilər və bu, cənub istiqamətindəki qruplaşmanın döyüş qabiliyyətinə, idarəetmənin itirilməsinə çox ciddi təsir edəcək. Bu səbəbdən cənub istiqamətində, xüsusən Nikolayev və Xersonda rus hərbçilərinin kütləvi fərariliyi müşahidə olundu.
Volnovaxi və İzyum istiqamətində əks-hücumlar da taktiki səviyyədə uğurlu sayıla bilər. Ruslar Odessa istiqamətində desant qüvvələri ilə irəliləməyə cəhd göstəriblər. Bu istiqamətdə köməyə gələn rusların iki Su-30 döyüş təyyarəsi vuruldu və Qara dənizə düşdü. Pilotlar da katapult edərək dənizə düşdülər. Ukrayna mənbələrinin dediyinə görə vurulmuş təyyarələrinin sayı artıq 100-ü keçib. Biz, əslində, son günlərdə ruslar tərəfindən təyyarələrin az-az uçurulmasının şahidi olurduq. Demək ki, döyüş təcrübəsi olan pilotların əsas hissəsinin sıradan çıxarılması rusların döyüş təyyarələrinin istifadəsinin sayının azalmasına gətirib çıxarıb. Təyyarələr var, amma bunları idarə edə biləcək təcrübəli pilotların üçdəbiri məhv edilib. Bu isə rus kosmik hava qüvvələrinin tərkibindəki hərbi hava qüvvələrinin pilotlarının müharibənin müqəddəratına ciddi təsir edə biləcək halda olmamasını göstərir. Ruslar hərbi hava qüvvələrinin eliti sayılan pilotları təyyarələr də daxil amansızcasına xərclədi. Bu itkilər heç bir halda mövcud vəziyyət üçün əsaslandırıla biləcək itkilər deyil. Artıq bunu anlayan ruslar şəhərləri daha çox strateji bombardmançı qanadlı raketlər və operativ ballistik “İsgəndər” raketləri ilə vurmağa çalışırlar. Artıq “Kalibr” qanadlı raketlərin az sayda istifadə olunduğunu görürük. Bu sinif raketlərin də tükənmək üzrə olduğunu düşünürəm.
Nəticə etibarı ilə hava məkanında da rusların üstünlüyünün zəifləməsini müşahidə edirik. Amma bu, rus ordusunun arsenalınada olan bütün operativ, taktiki, ballistik, qanadlı raketlərin tükənmiş olduğu anlamına gəlməz. Hələ rusların Ukrayna şəhərlərini bombalaya biləcək kifayət qədər raket-artilleriya vasitələrininin olduğunu da unutmamalıyıq. Ruslar bu səbəbdən müharibənin nəticələrinin onların düşndüyü kimi olacağına inanırlar.
Görünən odur ki, önümüzdəki günlərdə əməliyyatlar teatrında Ukrayna quru qoşunlarının və xüsusi əməliyyat qruplarının ayrı ayrı istiqamətlərdə əks-hücum və yaxud lokal xüsusi əməliyyatlar keçirəcəyini müşahidə edəcəyik. Eyni zamanda, rus qoşunları ən azından ələ keçirdikləri hədlərdə tələsik möhkəmlənməyə çalışacaqlar. Eyni zamanda, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ilə rusların operativ-taktiki raket qoşunlarının mübarizəsi davam edəcək. Önümüzdəki günlərdə Rusların müdafiə əməliyyatlarına keçəcəyi, ukraynalıların isə əks-hücum əməliyyatlarına cəhd edəcəyi taktiki səviyyədə ümumi vəziyyəti müəyyən edəcəkdir.
Hər iki tərəf siyasi dialoqlarda – masada əlini gücləndirmək üçün əməliyyatlar teatrında güclü tərəf olduğunu göstərməyə çalışacaq.
Siyasi müstəvidə baş verən hadisələr də əsas ehtibarı ilə Rusiyanın əleyhinədir. Xüsusən Amerika konqresində Putinin hərbi cinayətkar kimi tövsif olunması, Avropa Şurasının qarşısından Rusiya bayrağının endirilməsi Kreml rəhbərliyinin daha da aqressivləşməsinə zəmin yaradır. Hərbi cinayətin isə azı, ya da çoxu olmur. İndi Kreml rəhbərliyi əsl hərbi cinayətkar kimi davransa, heç kim təəccüb etməməlidir. Bu isə çox təhlükəli tendensiyadır. Çünki rusların hələ də nüvə silahı da daxil olmaqla istifadə etmədiyi çoxlu sayda qadağan olunmuş kimyəvi silah başlıqlı ballistik və qanadlı raketləri saxlancda öz istifadəsini gözləyir. Xüsusən də Kreml rəhbərliyinin Ukraynadakı xüsusi hərbi əməliyyatların sonadək davam edəcəyini vurğuladığını nəzərə alsaq, ukraynalılar bundan sonra ən pis ssenarilərə hazır olmalıdırlar.
Bundan sonra müharibədə ən pis ssenari Putinin amerikalıların ona “hərbi cinayətkar” yanaşmasına adekvat addım atma istəyindən sonra başlaya bilər…”.
Səxavət Məmməd
www.yenicag.az