Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 897, № 8, maddə 1690; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 470 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 6.2-ci bəndində “466 000 000 (dörd yüz altmış altı milyon)” sözləri “566 000 000 (beş yüz altmış altı milyon)” sözləri ilə əvəz edilsin.
Fərmanın icrası aşağıdakı maliyyə mənbələri hesabına təmin edilir:
2.1. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 1.13.1.2.1-ci yarımbəndinə (Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üzrə tədbirlər) əsasən dövlət büdcəsindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsaitin 80 milyon manatı hesabına;
2.2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.81.1-ci yarımbəndinə (Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi) əsasən müəyyən edilən vəsaitin 20 milyon manatı hesabına.
Fərmanın 2.1-ci bəndinin icrasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, 2.2-ci bəndinin icrasını isə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bir ay müddətində təmin edəcək.
www.yenicag.az