“Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Ötən il və bu il biz çox yaxşı nəticələr göstərmişik. İqtisadiyyatımız daha da çox rəqabətqabiliyyətli olub. Davos İqtisadi Forumunun sonuncu qiymətləndirməsinə əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 35-cı yerdə qərarlaşıb”.
Yenicag.az xəbər verir ki bunu prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib. Prezident qeyd edib ki, inkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə gəldikdə, Azərbaycan 3-cü yerdədir:
“Beləliklə, bu, həqiqətən də islahatların aparılmasını nümayiş etdirir. Əlbəttə ki, bizim ixrac etdiyimiz çoxlu enerji resurslarımız var və bu ildən başlayaraq Cənub Qaz Dəhlizi ilə əlaqədar olaraq biz onları daha da çox ixrac edəcəyik. Lakin bizim əsas prioritetimiz bizə iqtisadiyyatımızı şaxələndirməyə və neft-qazdan asılılığı azaltmağa imkan yaradan qeyri-enerji sektorudur.
Qeyri-enerji sektorunda yanvar ayında iqtisadiyyatımızda demək olar ki, dörd faizlik artım müşahidə olunub və qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. Beləliklə, bu, islahatları çox yaxşı əks etdirir, xüsusilə şaxələndirmə ilə bağlı olaraq. Alman şirkətləri ilə əməkdaşlığımız əsasən qeyri-enerji sektorunda aparılır. Bu da hər iki tərəf üçün yaxşı bir haldır. Əlbəttə, mən ümid edirəm ki, səfərinizdən sonra yaxşı nəticələr olacaq və biz daha da fəal iqtisadi əməkdaşlıq aparacağıq”.
Prezident İlham Əliyev Azərbaycanda tikinti materialları sektorunun fəaliyyətinə toxunaraq ölkəmizdə iri sement zavodlarının inşa edildiyini vurğuladı, Azərbaycanın son 8 ildə sement idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyini bildirdi. Bu sahəyə iri həcmdə investisiyaların cəlb edildiyini deyən dövlətimizin başçısı Azərbaycanın artan iqtisadi potensialını, qəbul edilmiş regional inkişaf proqramlarının yerinə yetirilməsini nəzərə alaraq növbəti beşillik proqramda da dövlət tərəfindən maliyyələşdirilən mühüm infrastruktur və inşaat layihələrinin əksini tapacağını, mənzil inşaatının genişlənməsinin, yeni zavodların tikilməsinin, əhali artımının gələcəkdə sementə böyük tələbat yaradacağını bildirdi.
“Bu baxımdan bu sahəyə investisiya qoymaq niyyətində olan xarici şirkətlər bundan yalnız faydalana bilərlər”, – deyən Prezident İlham Əliyev vurğuladı ki, qarşıya qoyulan məqsədlərdən biri özümüzü bütün tikinti materialları ilə 100 faiz təmin etməkdir. Nəzərə almaq lazımdır ki, bizim kifayət qədər xammalımız var və tikinti materialları sahəsində yerli istehsal son 10 ildə xeyli artıb.
www.yenicag.az