İran artıq Kiyev üçün HƏDƏFDİR: Zelenskinin Tehranı qarışdıran müraciətinin PƏRDƏARXASI

media-hightechnic-468x90

“Zelenskinin İran xalqını rejimi yıxmağa çağırması normativ-siyasi ritorika deyil.”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

media-resad-1752238744-1

Politoloq Ukrayna prezidenti Volodimir Zelenskinin İran xalqına müraciət edərək keçirilən aksiyalara dəstək mesajı yayımlamasını belə şərh edib:

“Şübhəsiz ki, Zelenskinin İranda baş verən kütləvi etirazlara açıq dəstək verməsi və İran xalqını rejimi dəyişməyə çağırması sadəcə normativ-siyasi ritorika deyil. Bu çağırış birbaşa olaraq Ukraynanın milli təhlükəsizlik maraqlarından qaynaqlanır. Belə ki, Ukrayna–İran münasibətlərində yaranmış gərginlik təkcə diplomatik mövqelərin fərqlənməsi ilə deyil, faktiki olaraq davam edən müharibə şəraitində formalaşmışdır.

Bu münasibətlərin kəskinləşməsində əsas dönüş nöqtəsi İran istehsalı olan pilotsuz uçuş aparatlarının Rusiya tərəfindən Ukraynaya qarşı genişmiqyaslı şəkildə istifadəsidir. Sözügedən dronlar Ukraynanın enerji infrastrukturu, yaşayış məntəqələri və hərbi obyektlərinə qarşı sistemli hücumlarda tətbiq edilmiş, nəticədə minlərlə mülki şəxs və hərbçi həlak olmuş və ya yaralanmışdır. Ukrayna siyasi və hərbi rəhbərliyi bu faktı İranın müharibəyə dolayı deyil, real və funksional müdaxiləsi kimi qiymətləndirir. Çünki Ukrayna hakimiyyəti həmin dronların və digər silah növlərinin Rusiyaya verilməməsi ilə bağlı dəfələrlə İrana müraciət edib. Lakin bu çağırışlar, məlum olduğu kimi, nəticəsiz qalıb. Bu kontekstdə İran artıq Kiyev üçün neytral və ya kənar aktor deyil, Rusiyanın müharibə koalisiyasında texnoloji və logistik tərəfdaş statusundadır.”

Politoloq qeyd edib ki, Ukrayna prezidentini bu addımı atmağa Rusiya və İran münasibətləri, eləcə də İran dronlarının cəbhədə Ukrayna əsgərlərinə qarşı istifadə edilməsi məcbur edib:

“Digər mühüm faktor Rusiya–İran münasibətlərinin son illərdə strateji xarakter almasıdır. İran Rusiyaya hərbi texnologiyalar və silah komponentləri təqdim etməklə yanaşı, sanksiyalar fonunda Moskva ilə sıx siyasi koordinasiya aparır. Əvəzində Rusiya Tehrana beynəlxalq təzyiqlərin yumşaldılması, diplomatik dəstək və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları yaradır. Bu qarşılıqlı asılılıq Ukrayna üçün İranı Rusiyanın sadəcə ideoloji müttəfiqi yox, müharibənin davamlılığını təmin edən struktur element kimi təqdim edir.

Politoloq Rəşad Bayramov hesab edir ki, Ukrayna liderinin İrandakı etirazlara verdiyi dəstək bir neçə strateji istiqamətdə izah olunmalıdır:

“Birincisi, normativ səviyyədə Ukrayna özünü avtoritar rejimlərə qarşı mübarizə aparan və suverenlik prinsipini müdafiə edən aktor kimi təqdim edir. İkincisi, strateji səviyyədə mümkün rejim dəyişiklikləri İranın Rusiyaya hərbi dəstəyini zəiflədə və ya tamamilə dayandıra bilər ki, bu da Ukraynanın döyüş meydanındakı vəziyyətinə birbaşa təsir göstərər. Və nəhayət, bu çağırış psixoloji və diplomatik mesaj xarakteri daşıyır; Tehran rejiminə müharibədə iştirakın daxili siyasi nəticələri ola biləcəyini xatırladır”

Ekspertin sözlərinə görə, rəsmi Kiyev artıq Tehranı “neytral” tərəf hesab etmir:

“Formal baxımdan Ukrayna İranı müharibənin tərəfi kimi tanımasa da, real siyasi müstəvidə onu düşmənə silah tədarük edən, texnologiya ötürən və müharibənin davamına töhfə verən ölkə olaraq qəbul edir. Belə dövlətlər Kiyev üçün məsuliyyət daşıyan tərəf statusundadır. Bu səbəbdən Zelenskinin açıqlamalarını emosional ritorika olaraq deyil, müharibə şəraitində formalaşmış rasional siyasi mövqe olaraq qəbul etmək lazımdır”. – deyə o bildirib.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa