Küləkli hava bir nəfərin xəsarət almasına səbəb olub
Yenicag.az xəbər verir ki, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib.
Müayinələr zamanı pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən ona zəruri tibbi yardım göstərilib, sınıq gips longetlə fiksasiya olunub.
Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Mütəxəssislər vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamağı, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamağı tövsiyə edirlər.













