Ev sahiblərinin "depozit" tələbi qanunidirmi? – “Notarial təsdiq olmadan...”
“Həm kirayə haqları, həm tərəflərin bağladığı müqavilə müddəti, eyni zamanda depozitin məbləği və məqsədi müqavilədə əks olunmalıdır”.
Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

O, son vaxtlar kirayənişinlərin narazılığına səbəb olan və yenidən gündəmə gələn mənzili kirayə verən şəxslərin depozit tələbini şərh edib:
“Bütün kirayə münasibətləri müqavilə əsasında tənzimlənməlidir. Kirayə verən və kirayə götürən tərəflər münasibətləri rəsmi qaydada notariusda təsdiqləməlidir və bundan vergi ödənilməlidir. Depozit tələbi dünya təcrübəsində də var və tamamilə qanunidir. Depozit ona görə nəzərdə tutulur ki, əgər kirayənişin vaxtından əvvəl evi tərk edərsə, həmin müddətdə kirayə verən tərəf əlavə itkilərə məruz qalmasın. Yaxud da mənzildə hər hansı əşyaya ziyan dəyərsə, kirayənişinin verdiyi depozit məbləğindən vurulan ziyan çıxılsın. Hətta Avropa ölkələrində depozit ödənilmədən mənzil kirayə verilmir. Amma bunun qeyri-rəsmi tələb edilməsi, müqavilədə depozitin nəyə görə alındığının qeyd olunmaması yaxud da bunun müqaviləsiz şəkildə edilməsi qanunauyğun deyil.
Həm kirayə haqları, həm tərəflərin bağladığı müqavilə müddəti, eyni zamanda depozitin məbləği və məqsədi müqavilədə əks olunmalıdır. Notarial təsdiq müqavilənin hüquqi gücünü göstərir. Notarial təsdiq olmadan bağlanan müqavilə hüquqi əsasa malik deyil”.
Cəvahir













