!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran-İsrail münaqişəsindəki əsas MƏQSƏD: “Netanyahuya qarşı etirazlar daha sərt xarakter alacaq” – AÇIQLAMA

!Reklam – Yazi

“İran-İsrail münaqişəsindəki əsas məqsəd İranın Yaxın Şərqdəki geniş savaşa cəlb edilməsidir ki, Tehran administrasiyası bunu çox yaxşı bilir”.

Bu barədə Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

O, Yaxın Şərq regionunda gərginləşən siyasi mühitdən, habelə İsrailin İranın raket və dron zərbələrinə qarşı cavab verməsi ehtimalından söz açıb.
Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu İranın sonuncu hücumunun cavabsız qalmayacağını bəyan edib.

Məsələyə münasibət bildirən Ə. Zülfüqaroğlu isə söyləyib ki, bu gün İsrailin Baş naziri Benyamin Netanyahunun siyasi karyerası bitib.

“Ona görə də Netanyahu siyasi karyerasını uzatmaq üçün Donald Trampın hakimiyyətə gəlməsinə ümid edir. Bunun üçün isə hazırkı ABŞ prezidenti Co Baydenin reytinqi kifayət qədər aşağı düşməlidir. Ona görə də Netanyahu Qəzza ilə yanaşı Yaxın Şərqdə də savaşı davam etdirir”, – deyə o əlavə edib.
Ə.Zülfüqaroğlunun sözlərinə görə, İsrailin baş naziri hazırda istədiyinə müəyyən qədər nail olub. “Çünki son sorğulara əsasən, əhalinin 40%-i savaş istəmir və Birləşmiş Ştatlar hökumətini savaşı dayandırmamaqda qınayır ki, bu da demokratlar başda olmaqla Bayden administrasiyasının reytinqinin kifayət qədər aşağı düşməsi deməkdir”, – deyə o bildirib.

Analitik hesab edir ki, Netanyahu və Bayden arasında olan düşmənçilik, eyni zamanda, hökumətlər arasında olan fikir ayrılıqları, həmçinin Netanyahunun siyasi karyerasını davam etdirməsi üçün Trampın ABŞ-də hakimiyyətə gəlməsinə ümid etməsi bölgədə vəziyyəti daha da gərginləşdirir və İsrailin məntiqdən uzaq, anormal addımlar atmağına səbəb olur. Onun fikrincə, indiki məqsəd ABŞ-nin daxili auditoriyasına hesablanıb:

“İran hakimiyyəti isə Trampın deyil, məhz Baydenin hakimiyyətdə qalmasını istəyir. Ona görə də Tehran maksimum şəkildə çalışır ki, Təl-Əvivin təhriklərinə cavab verməsin və savaşdan yayınsın. Mənə elə gəlir ki, İran maksimum çalışacaq ki, savaşdan yayınsın, amma İsrailin təhrikləri və İrana qarşı olan həmlələri bundan sonra da müəyyən məqamlarda özünü büruzə verəcək. İran isə çalışacaq ki, bu təhdidlərə proksi qüvvələri ilə cavab versin”.

“Nə qədər qəribə və absurd olsa da, İran və ABŞ hakimiyyətinin İsrail hökuməti ilə bağlı maraqları üst-üstə düşür. ABŞ hökuməti də çalışır ki, daxildə Netanyahu hakimiyyətinə qarşı etirazlar kifayət qədər sərt xarakter alsın və bu, hazırda baş verir. Düşünürəm ki, bundan sonra da Netanyahuya qarşı etirazlar daha sərt xarakter alacaq. Digər tərəfdən, İsrailin indiki koalisiya hökuməti teokratik rejim olduğu üçün Netanyahuya qarşı hökumət daxilində hər hansı bir problemin olacağını zənn etmirəm. Eyni zamanda, Netanyahunun Knessetə (İsrail parlamenti – red.) kifayət qədər təsir imkanları mövcuddur. Ona görə də Netanyahunun Tramp hakimiyyətə gələnə qədər İsrailə rəhbərlik edəcəyini proqnozlaşdırmaq olar”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv