“İran radikallaşır”: Yeni ali liderin mesajı ABŞ və İsraillə münasibətləri hansı həddə çatdıracaq?
“Yeni ali liderin ilk rəsmi çıxışı bizə müharibənin daha da dərinləşəcəyi mesajını verir”.
Yenicag.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.
Millət vəkili İranın yeni ali lideri Müctəba Xamneyinin çıxışını şərh edib:
“İranın yeni ali liderinin xalqa ilk müraciəti elan edildi. Doğrudur, bu, öz səsi ilə yox, aparıcı vasitəsilə çatdırıldı. Müraciəti diqqətlə oxuyanda Əli Xamneyinin siyasətinin daha kəskin formada davam etdiriləcəyinin anonsunu görürük. Qoyulan tələblər tamamilə maksimalistdir. İndiyədək ABŞ və İsrailin zərbələrinə qarşı İranın cavabları daha da sərtləşir. İranın bölgədəki gücünün daha kəskin formada davam edəcəyi bildirilir. Digər tərəfdən, nüvə sazişinin qüvvədə olmadığı və istehsalın davam etdiriləcəyi elan olunur. Müctəba Xamneyi bu yolla düşmən qarşısında geri çəkilməyən, daha da hücum xarakterli duruş nümayiş etdirir. O, İranın hərbi gücünün yerində olduğunu və ordunun müharibə aparmaq qabiliyyətinin qaldığını göstərməyə çalışır”.
Deputat qeyd edib ki, yeni ali liderin çıxışı ABŞ və İsrailin müharibəni daha da dərinləşdirəcəyinə birbaşa işarədir:
“İran çoxmillətli dövlətdir. İsrail çalışır ki, ən lazım olan anda həmin millətləri İran hakimiyyətinə qarşı qaldırsın, bu isə hökumət üçün çox həssas məsələdir. Ümumi bəyanatın ruhuna baxsaq, xalqın birliyi və ölkənin monolitliyi İran hakimiyyəti üçün ən vacib məsələdir. Görünən odur ki, Müctəba Xamneyi İranı daha radikal, daha güclü göstərməyə cəhd edir. Əgər bu bəyanatlar işləyəcəksə, İran mövqeyində israrlı olacaqsa, bu, ABŞ və İsraillə münasibətləri daha da kəskinləşdirə bilər. Bu isə müharibənin yaxın günlərdə bitəcəyinə olan ümidləri azaldır”.
V.İsgəndərovun fikrincə, müraciətdən sonra qarşı tərəflərin reaksiyası daha sərt ola bilər:
“Müraciətdən sonra həm ABŞ, həm də İsrail daha kəskin formada İranın üzərinə gedə bilər. Çünki artıq yeni ali dini lider həm ordunun üzərində nəzarəti olduğunu göstərir, həm də İranda xalqın ruhunun hələ də güclü olduğunu qabartmağa çalışır. Bu isə müharibənin daha kəskin fazaya keçəcəyindən xəbər verir”.
Nurlan Cəfəri













