İran üçün müvəqqəti "PAUZA": Gərginlik hansı halda yenidən alovlanacaq?
“ABŞ İrana hücumunu mövcud rejimin yerinə potensial yeni hakimiyyət tapa bilmədiyi üçün təxirə saldı”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib.

Politoloq Donald Trampın İranda baş verən aksiyalar sonrası bu ölkəyə qarşı hərbi hücum planını təxirə salmasının səbəblərini şərh edib:
“ABŞ-ın İrana qarşı hərbi əməliyyatları kütləvi aksiyalar və regional risklərin artması fonunda təxirə salması Vaşinqtonun taktiki geri addımı kimi qiymətləndirilir. Prezident Donald Trampın indiki mərhələdə İrana birbaşa hərbi güc tətbiq etməməsi və rejim dəyişikliyi planını sona qədər həyata keçirməməsinin arxasında bir neçə ciddi və hesablanmış səbəb dayanır.
İlk növbədə, Tramp administrasiyasının əsas məqsədi Tehranda dərhal rejim dəyişikliyinə nail olmaq deyil, İran rejimini siyasi, iqtisadi və institusional baxımdan çökdürmək idi. Bu strategiya böyük ölçüdə nəticə verib. Hazırda İranda yalnız iqtisadi böhran deyil, eyni zamanda hakimiyyət daxilində parçalanma, dövlət idarəçiliyində funksional böhran və legitimlik problemi yaranıb. Rejim həm daxili elita arasında, həm də cəmiyyət qarşısında ciddi sınaqla üz-üzədir.
İkinci mühüm amil Tehranla Ağ Ev arasında aparıldığı iddia edilən gizli danışıqlar və pərdəarxası bazarlıqlardır. Rəsmi təsdiq olmasa da, diplomatik mənbələr tərəflər arasında müəyyən razılaşmaların müzakirə edildiyini istisna etmir. Gərginliyin müvəqqəti azalması belə bir dialoqun mövcudluğuna işarə edir.
Üçüncü səbəb isə İranda rejim dəyişikliyi baş verəcəyi təqdirdə ölkəni idarə edə biləcək real və legitim alternativ siyasi qüvvənin olmamasıdır. Vaşinqton yaxşı anlayır ki, nəzarətsiz rejim dəyişikliyi İran kimi mürəkkəb bir ölkədə xaos, parçalanma və regional destabilizasiya riski yarada bilər.
Dördüncü amil ABŞ-ın müttəfiqlərinin, xüsusilə Yaxın Şərqdəki tərəfdaşlarının mövqeyi ilə bağlıdır. Bir sıra müttəfiqlər açıq hərbi müdaxilənin regionda genişmiqyaslı böhran yaradacağı, enerji bazarlarını silkələyəcəyi və təhlükəsizlik balansını poza biləcəyi ilə bağlı Vaşinqtona xəbərdarlıq edib. Bu çağırışlar Tramp administrasiyasını prosesə fasilə verməyə vadar edib”.
Politoloq bildirib ki, Tramp İrana hücumdan vaz keçməyib, sadəcə müəyyən müddətlik təxirə salıb, lakin hər şey İranın özündən asılıdır:
“Görünən odur ki, Tehranla Ağ Ev arasında gizli diplomatik xətt mövcuddur və müəyyən öhdəliklər müzakirə olunub. Əgər İran üzərinə götürdüyü mümkün öhdəlikləri yerinə yetirməzsə və ya Vaşinqtonun ‘qırmızı xətləri’ni aşarsa, gərginliyin yenidən yüksəlməsi qaçılmazdır. Hazırkı pauza münaqişənin bitməsi deyil, daha çox növbəti mərhələyə hazırlıq kimi dəyərləndirilə bilər”.
Nurlan Cəfəri












