İsrail İran və “Hizbullah”ın ölkə daxilində narahatedici mesajlar ehtiva edən kiberhücum təşkil etdiyini iddia edib. Bu hücum Təl-Əvivdəki partlayışlardan sonra və İranın “əzici cavab” təhdidindən sonra baş verib.
Yenicag.az xəbər verir ki, İsrailin milli kiber direktorluğu təxminən beş milyon israillinin telefonlarına İbranicə mesajların göndərildiyini təsdiqləyib. Mesajlarda “Sevdiklərinizlə vidalaşın”, “Əndişə etməyin, onları cəhənnəmdə qucaqlayacaqsınız” kimi təhdid ifadələri yer alıb.
Hücum adı açıqlanmayan mobil xidmət provayderini hədəf alıb. Mesajlar “İsrailin arxa cəbhə komandanlığından gəlir” kimi qeyd edilib, lakin hökumət bunu “ictimai çaxnaşma yaratmaq üçün sadə cəhd” kimi təsvir edib.
Kiber direktorluq mesajlarda naməlum internet saytlarına zərərli keçidlərin olduğunu açıqlayıb, lakin bu keçidlər qısa müddətdə zərərsizləşdirilib. Müştəri məlumatlarının ələ keçirilib-keçirilmədiyi hələ aydın deyil.
Bu insident Livan və İsrail arasında sərhəddə gərginliyin artdığı dövrə təsadüf edib. Xəbər verilir ki, İsrail bu həftə Livanın cənubunda bir sıra peycerləri uzaqdan partlatmaqla Hizbullaha qarşı ikitərəfli haker hücumu həyata keçirib. Bu hücumlarda ən azı 37 nəfərin öldüyü, 3000-dən çox insanın yaralandığı bildirilib.
İsrailin iddialarına “Hizbullah” və İrandan hələlik heç bir cavab verilməyib. Regiondakı gərginliyin beynəlxalq ictimaiyyətin narahatlıqla izlədiyi böhrana çevrilmə potensialı var.
Nəsimi Ələsgərli
www.yenicag.az