“Əgər hakimiyyət daxili çəkişmələrin və iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbir görülməzsə, İranda hazırkı vəziyyət davam edəcək və yaxın gələcəkdə daha xaotik proseslər başlayacaq. Bunun isə qarşısını nə hökumət, nə silahlı qüvvələr, nə də güc strukturları ala biləcək”.
Bunu İranda uzun müddətdir davam edən etiraz aksiyalarının necə sonlanacağı haqda fikirlərini səsləndirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, İranda uzunmüddətli etiraz aksiyalarının davam etməsinin iki əsas səbəbi var:
“Birinci əsas səbəb, İran daxilində ciddi iqtisadi böhranın yaşanmasıdır. Ukraynada başlayan müharibədə Rusiyaya satılan silahlara görə İrana qarşı əlavə sanksiyalar tətbiq olunub və daha da sərtləşdirilib. Bu da İran iqtisadiyyatı üçün çox ciddi nəticələrə səbəb olub.
İkinci səbəb isə, İranın neft satışını həyata keçirə bilməməsidir. Bu gün əhalinin əksəriyyəti sosial vəziyyətin ağırlığı ucbatından etiraz aksiyalarına qarışıb. Bu da dövlət daxilində normal idarəetmənin əldən çıxması ilə bağlıdır. Əhali sözün həqiqi mənasında ac vəziyyətdədir.
İranda aksiyaların səngiməməsinin digər səbəblərindən biri də hakimiyyətdaxili çəkişmələrdir. Qruplararası çəkişmələr hazırkı vəziyyətin yaranmasına təkan verib. Və hazırda aksiyaların qarşısının alına bilməməsi məhz qruplaşmalararası çəkişmələrdən meydana gəlir.
İnsan hüquqlarının pozulması faktı da aksiyaların daha da güclənməsinə səbəb olan amillərdəndir. Bildiyimiz kimi, İranda fars olmayan etnik qrupların hüquqlarının pozulması çox geniş yayılıb.
Əgər hakimiyyətdaxili çəkişmələrin və iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbir görülməzsə, İranda hazırkı vəziyyət davam edəcək və yaxın gələcəkdə daha xaotik proseslər başlayacaq. Bunun isə qarşısını nə hökumət, nə silahlı qüvvələr, nə də güc strukturları ala biləcək”.
Nəsimi Ələsgərli
www.yenicag.az