İrandakı partlayışın BİLİNMƏYƏN ÜZÜ – Bədbəxt hadisə, yoxsa TERROR?
“İranda Şəhid Rəcai limanında baş verən partlayış hadisənin təsadüfi texniki qəza olub-olmaması məsələsində ciddi suallar doğurur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi İranın Bəndər-Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən dəhşətli partlayışın terror aktı olub-olmaması barədə yayılan fikirlərə münasibət bildirib.
A. Hüseynov diqqətə çatdırıb ki, hazırda İran bir tərəfdən ABŞ ilə nüvə və regional məsələlərlə bağlı danışıqlar aparır, digər tərəfdən isə Avropa-Asiya tranzit yollarında öz rolunu gücləndirməyə çalışır:
“Bu fonda baş verən partlayış, bəzi ehtimallara görə, ABŞ və ya onun bölgədəki tərəfdarlarının İranın regional ambisiyalarını cilovlamaq cəhdləri kimi dəyərləndirilə bilər. Digər tərəfdən, İran və Çin arasındakı sıx iqtisadi və siyasi əməkdaşlıq da nəzərə alınmalıdır. Xüsusən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin İranın tranzit rolu üçün böyük strateji əhəmiyyət daşıyır. Belə bir partlayışın Çin-ABŞ rəqabətinin artdığı və Çinin müsəlman ölkələri, o cümlədən İran üzərindən alternativ marşrutlar qurmaq istədiyi bir dövrdə baş verməsi diqqət çəkir”.
Analitikin fikrincə, hadisə ilə, eyni zamanda, Pakistan və Hindistan arasında sərhəd bölgələrində hərbi toqquşmaların baş verməsi bütün regionda süni gərginlik yaradılması ehtimalını gündəmə gətirir:
“Bu da Çinlə dost münasibətləri olan ölkələrin bir növ “cəzalandırılması” və regional sabitliyin pozulması kimi şərh edilə bilər. Digər ehtimallardan biri də İsrail amilidir. İran və İsrail arasındakı gərgin münasibətlər, xüsusilə İranın nüvə proqramı və bölgədəki təsiri üzərindəki qarşıdurma nəzərə alınarsa, bu hadisənin arxasında İsrailin dayana biləcəyi versiyası da istisna edilmir.
Nəticə olaraq, belə böyük strateji əhəmiyyətli bir limanda, xüsusilə geosiyasi güc balanslarının dəyişdiyi bir dövrdə baş verən partlayış sadəcə texniki bir qəza kimi qiymətləndirilməməlidir. Hadisə bölgədə tranzit, enerji və geosiyasi layihələrin istiqamətini dəyişdirməyə çalışan qlobal güclərin maraq mübarizəsinin bir parçası kimi dəyərləndirilə bilər”.
Rafi Müslümov