“Ermənistan müdafiə nazirinin İran səfiri ilə görüşünü ciddi hadisə saymaq olmaz”.
Bunu Yenicag.az-a açıqlamasında İran və Ermənistan arasında müdafiə sahəsində baş tutan müzakirələrin Tehranın ənənəvi siyasəti davam etdirmə ehtimalından danışan politoloq Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, azərbaycanlı Məsud Pezeşkianın İranda yeni prezident seçilməsindən sonra Tehran-İrəvan münasibətlərində ciddi dəyişikliyin olması ehtimalı yoxdur.
“İran dövlətinin əsas xarici siyasət xəttini ölkənin ali dini rəhbəri müəyyənləşdirir. Prezidentin səlahiyyətləri isə kifayət qədər məhduddur”, – deyə o əlavə edib.
Politoloqun sözlərinə görə, hazırda İran ali dini rəhbərinin Ermənistanla münasibətlərində ciddi narazılığı var.
“İrəvanın Qərbə yaxınlaşması, ABŞ-nin Ermənistanda hərbi təlimlər keçirməsi, Avropa İttifaqı müşahidəçilərinin regiona gəlişi İranı qıcıqlandırır. Bu təbiidir ki, nəticəsiz ötüşməyəcək. Soyuqluq yaranması belə mümkündür.
Son günlərində mərhum İran prezidenti İbrahim Rəisi kifayət qədər konstruktiv mövqe sərgilədi. Son bəyanatları çox ümidverici idi. Yeni prezidentin seçilməsi müəyyən qədər İran Azərbaycan münasibətlərinə müsbət təsir göstərəcək. Daha rahat dialoq imkanı əldə edəcəyik. Daha çox dostluq mesajları veriləcək. Görüşlər isə iki dost dövlətin rəhbərlərinin görüşü kimi baş tutacaq. Çünki qarşımızda konstruktik mövqe tutmağa, qarşıdakını anlamağa çalışan siyasətçi var”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az