"İranın “İsrail və ABŞ-ı siləcəyik” şüarları tarixə qovuşdu” - TƏHLİL
“Bundan sonra biz dini deyil, dünyəvi İran görəcəyik.”
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.
Politoloq İran-ABŞ memorandumu imzalanmasını İranın çöküşü kimi qiymətləndirib:
“Bundan sonra İran artıq həmin İran olmayacaq. İlk növbədə, memorandumun imzalanmasına fikir versək, bu sənədi ABŞ və İran prezidentləri, vasitəçi tərəf kimi də Pakistan baş naziri imzalayıb. İranda hakimiyyət dini rejimdir, İslam rejimidir. Onlar müsəlman dünyasında söz sahibidirlər və onların icazəsi olmadan heç nə etmək mümkün deyil. Həmin o dini rəhbərlik bütün mövcudluğu ərzində Amerikanı yer üzündən siləcəyini bəyan edib. Bu gün isə onlar səslərini belə çıxara bilməyib sənədi imzaladılar. İkincisi, İran üzərinə öhdəlik götürdü ki, heç vaxt nüvə silahına sahib olmayacaq. Hörmüz boğazı açılacaq və gəmilər üçün heç bir ödəniş alınmayacaq. İranın yenidən qurulması üçün 300 milyard dollar pulun toplanılması qərara alınıb. Bu o deməkdir ki, İran sıfırdan qurulacaq. Yenidən təşkil olunan dövlətin dini deyil, dünyəvi olacağını düşünürəm. İran artıq İsraili və Amerikanı yer üzündən silmək kimi bəyanatları bir daha dilinə gətirməməlidir. Faktiki olaraq, İranın Amerikanın cızdığı çərçivədən kənara çıxması mümkün olmayacaq. Əks halda, Tramp açıq şəkildə dedi ki, şərtlərə əməl olunmazsa, bombardman davam edəcək. Düşünürəm ki, İran Amerikanın hədələrinə boyun əyərək memorandumu imzaladı. Bundan sonra məsələlər dinc şəkildə həllini tapmalıdır. Nəticə etibarilə, İran özünü Amerikaya təslim etdi.”
Azər Həsrət İranın proksi qüvvələri haqqında isə bunları deyib:
“Faktiki olaraq, bundan sonra İranın proksi qüvvələri olan Hizbullah, HƏMAS və digərləri yavaş-yavaş silahı yerə qoymalı və özlərini buraxmalı olacaqlar. ABŞ bundan sonra İranın həmin terrorçu dəstələrə maliyyə ayırmasına izn verməyəcək. Növbəti 60 günün sonunda yekun sənəd imzalanmalıdır.”
Sonda A. Həsrət Azərbaycan əhalisinin İranın qalib gəlməsi ilə bağlı yanlış təsəvvür yaratdığını bildirib:
“Azərbaycanda bəzi şəxslər düşünür ki, İran qalib gəldi, ABŞ diz çökdü. Sanki “Ağ Ev”-in üstündə İran bayrağı dalğalanıb. Belə bir şey yoxdur, ola da bilməz. İran yer üzündən siləcəyini bəyan etdiyi ölkənin prezidenti ilə razılaşma memorandumu imzalayıb. Nəticəni artıq dəyərli oxucularımız düşünsün.”
Nurlan Cəfəri













