İranın raketləri oyunun qaydalarını DƏYİŞDİ – Müharibənin sonu hara GEDİR?
“İsrail İran toqquşması Rusiya Ukrayna müharibəsi kimi uzun çəkə bilməz”.
Bu sözləri İran İsrail toqquşması və prosesin sonunu Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.
O, bildirib ki, İranın bu cür cavabı gözlənilən deyildi:
“Toqquşmaların sonunu görməzdən əvvəl Hindistan-Pakistan toqquşmasını xatırlamaq lazımdır. Hindistan-Pakistan toqquşması başladı və qısa zamanda bitdi. Hindistan anladı ki, Pakistanı məğlub edəcək gücü yoxdur. İran-İsrail toqquşmasına baxdıqda, görünür ki, İsrailin əlində olan məlumatlar tam deyilmiş. İranın bu qədər gücə malik olduğunu bilmirlərmi? Elə güman edirdilər ki, bütün Qərb, əsas da ABŞ onlara dəstək verəcək və İran ağ bayraq qaldırıb, təslim olacaq”.
Müsahibimizin fikrincə, İran embarqolara görə müasir döyüş təyyarələri ala bilməyib:
“Ona görə də İran diqqətini yönəltmişdi raket istehsalına. Bu sahədə də çox böyük uğurlar əldə etmişdi. Bunun üçün də İsrail kəşfiyyatı yanıldı. Onlar düşünürdü ki, İranın raketləri kifayət qədər deyil. Bundan əlavə, bir neçə qatlıq İsrail hava hücumundan müdafiə sistemlərinə güvənirdilər. Ancaq bunlar baş vermədi. İran tərəfi aldığı zərbələrdən qısa müddətdə özünə gəldi, dərhal İsrailin cavabını verdi”.
Onun sözlərinə görə, İran öncə İsrailə dronlar göndərirdi:
“Bir çoxları bunu rişxəndlə qarşılayırdı ki, 8 saata gedib çatacaq dronlar heç nəyə yaramayacaq. Ancaq o dronlar hava hücumundan müdafiə sistemlərini məşğul etmək üçün idi. Ardınca qanadlı raketlər atıldı. Daha sonra isə “Fəth”, “Şahab”, “Xeybər” raketlərindən zərbələr endirdi. İlk gündən fərqli olaraq İranın hazırda istifadə etdiyi raketlər daha sürətli və daha dağıdıcıdır. İranın bu cür cavabı gözlənilən deyildi. İsrailin etdiyi əks effekt verir, ABŞ tərəddüd içərisindədir. Bütün bunlardan görünür ki, İsrail yanıldığını anlayır. Bütün bunlardan sonra atəşkəs olacaq və olmalıdır. Qərb, ABŞ qarşısına qoyduğu məqsədə çata bilmədi. Ölkələr arasında məsafə çoxdur. Quru əməliyyatlar mümkün deyil. Bu Rusiya Ukrayna müharibəsi kimi uzun çəkə bilməz”.
Səxavət Məmməd