İranın “rəqəmsal intiharı”: Hər gün 30 MİLYON DOLLAR İTİRİLİR
İranda beynəlxalq internetə çıxışın məhdudlaşdırılması ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurur. Son hesablamalara görə, bu rəqəmsal blokadanın günlük birbaşa zərəri 30-40 milyon dollar arasındadır.
Yenicag.az xəbər verir ki, bu barədə İran Ticarət Palatasının Bilik Əsaslı İqtisadiyyat Komissiyasının sədri Afşin Kolahi məlumat verib.
Ticarət Palatasında keçirilən iclasda çıxış edən Kolahi rəqəmlərin qorxunc olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, internetin kəsilməsi ölkə iqtisadiyyatını daxildən çökdürür:
“İnternet kəsintisinin gündəlik birbaşa zərəri 30-40 milyon dollar, dolayı zərəri isə təxminən 70-80 milyon dollar civarındadır. Bu, o deməkdir ki, ölkə hər gün iki böyük elektrik stansiyasının inşasına bərabər vəsait itirir. Ən acınacaqlısı odur ki, bu zərəri ölkəyə kənar qüvvələr deyil, rəsmi Tehran özü-özünə verir”.
Xatırladaq ki, İranda beynəlxalq internetə çıxış ilk dəfə 2025-ci ilin dekabrında iqtisadi etirazlar zamanı bir aydan çox müddətə bağlanmışdı. Həmin vaxt İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Seyid Səttar Haşimi günlük itkinin 34,5 milyon dollar olduğunu etiraf etmişdi.
Lakin fevralın 28-dən başlayan gərginlik fonunda İran artıq 46 gündür dünya ilə rəqəmsal əlaqəsini tamamilə kəsib. Ekspertlər bu uzunmüddətli blokadanın həm ticarət, həm də texnoloji inkişaf baxımından ölkəni on illərlə geri salacağını vurğulayırlar.
Məsimə Məmmədova













