İranın “terrorla mübarizə” TƏLİMLƏRİ – Tehran və İrəvanı sərhəddə bir araya gətirən SƏBƏBLƏR

media-hightechnic-468x90

 

“ABŞ-nin bir ştatı boyda olmayan Ermənistanda dünyanın ən böyük səfirliklərindən biri yerləşir…”

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputat İranla Ermənistanın keçirdiyi birgə təlimləri şərh edib:

“İran və Ermənistan xüsusi təyinatlı qoşun bölmələri birgə hərbi təlim keçiriblər. Hər iki dövlətin məlumatına görə onlar öz ərazilərində qarşılıqlı koordinasiya formatında hərbi təlimlərə qoşulublar. Bu dövlətlərin rəhbərliklərinin məlumatına görə bu sərhəddə terrorçuluğa qarşı mübarizə, baş verə biləcək hər hansı hadisələrə qarşı qarşılıqlı fəaliyyət, ordunun keyfiyyətinin yoxlanılması üçün təlimlər həyata keçirilir. Təbii ki, bu hər iki dövlətin daxili işi kimi də saymaq olar”.

“Bir müddət əvvəl İran Azərbaycanla da hərbi təlim keçirmişdi. Bu o anlama gəlir ki, İran qonşu dövlətlərlə mərhələli şəkildə hərbi təlimlər keçirir. Bu təlimin məqsədi terrorçuluqla mübarizə adlanırsa, burada belə bir sual yaranır: hansı terrorçular və kimə qarşı, nəyə qarşı mübarizə aparılır? Əgər İranla sərhəddə terrorçuluqdan danışılırsa, bu terrorçuluğun başı və mərkəzi Ermənistan olub həmişə. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayıb, 20% ərazisində terrorçuluq aparıb, çox sayda insanı evindən didərgin salıb, torpaqları tar-mar edib, insanlığa sığmayan hadisələr törədib. O terrorçu qrupları orada bəsləyib, yetişdirib”, – deyə o, əlavə edib.

Deputat 2020-ci ildə Ermənistanın işğalçılığına son qoyulduğunu da İrəvanın diqqətinə çatdırıb:

“Azərbaycan 2020-ci ildə Ali Baş Komandanın xalqla birliyi, ordumuzun şücaəti ilə 44 gündə məsələyə son qoydu, suverenliyimizi bərpa etdi, onların başçılarının kökünü kəsdi və onların bir çoxu da hazırda Azərbaycan məhkəməsi qarşısında cavab verirlər. Düşünürük ki, əgər İran terrorçuluqdan danışırsa, Azərbaycanla hərbi təlim keçirib terrorçuluqla məşğul olan tərəfi göstərməli idi. Hər bir halda, mənə elə gəlir ki, bu həm İranın, həm də Ermənistanın daxili məsələsidir. Sadəcə olaraq burada əsas məsələ son zamanlarda şərti sərhəddə atəşkəsin pozulması və təxribatçı əməllər törədilir”.

“Tehran bu məsələdə diqqətli olmalıdır. Düşmən dediyi ABŞ-nin Ermənistan ərazisində dünyanın ən böyük səfirliklərindən biri yerləşir. Hər bir halda, ABŞ-nin böyük bir ştatı boyda olmayan Ermənistanda belə böyük səfirlik saxlanılması nəyə, kimə lazımdır, İran bunu yaxşı bilir. Biz yenə də düşünürük ki, bizim İranla qonşu dövlət kimi münasibətlərimiz qarşılıqlı anlaşma şəraitində qurulmalıdır. İrəvana qalanda isə Ermənistan Azərbaycanla normal münasibət qurmaq istəyirsə, irəli sürdüyümüz şərtlərə əməl etməlidirlər”, – deyə o, fikirlərini tamamlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600