İranın Zəngəzur AZARI – Tehranı qorxudan səbəblər NƏDİR?
“İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birgə, ya da təkbaşına mane olacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Əlabbas Məhərrəmli deyib.
O, İranın Zəngəzur dəhlizi ilə bağlı yanaşmasını şərh edib:
“Cənab Vilayəti, əgər həqiqətən bu məsələdə qətiyyətlisinizsə, onda birinci növbədə ABŞ-yə, lap dəqiq desək, şəxsən Donald Trampa deyin sözünüzü. Çünki bölgədə baş verən proseslər təkcə Moskva-Tehran razılaşmaları ilə müəyyən olunmur, bu oyunun masasında Vaşinqton da var, London da, Ankara da”.
“Unutmayın ki, bu dəhlizin açılması ideyası təsadüfi ortaya çıxmayıb. Azərbaycan 44 günlük Vətən müharibəsində öz gücünü, iradəsini və müstəqil siyasət yürütmək qabiliyyətini bütün dünyaya göstərdi. İndi isə Zəngəzur dəhlizi təkcə Azərbaycanın iqtisadi marağı deyil, həm də strateji təhlükəsizlik, regionda sülh və əməkdaşlıq layihəsidir. Azərbaycan bu yolun açılması üçün həm siyasi iradəyə, həm hərbi qüdrətə, həm də diplomatik dəstəyə malikdir. Ona görə də uzaqdan gurultulu bəyanatlar verməklə nə dəhlizi dayandırmaq olar, nə də Azərbaycanın iradəsini sındırmaq. Zəngəzur dəhlizi bir reallıqdır — və bu reallığı qəbul etməyənlər gec-tez onu fakt qarşısında qəbul edəcəklər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli