İrəvan Tramp təşəbbüsündən necə faydalandı? – İrlandiyalı analitikdən ŞOK GİZLİNLƏR
“İrəvan Trampın təşəbbüsündən bir sıra səbəblərə görə yararlanıb. İlk növbədə, bu təşəbbüs İrəvana Qərbə doğru yönəlməyə davam etmək imkanı verib”.
Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı siyasi ekspert, tarixçi, analitik Patrik Uolş deyib.
O, 8 avqust Vaşinqton sazişindən sonra ABŞ Prezidenti Donald Trampın sonuncu paylaşımından, habelə İrəvanın sözügedən məsələdəki münasibətindən söz açıb.
Onun sözlərinə görə, bu proses hələ Bayden administrasiyası dövründə başlanmışdı:
“Beləliklə, Paşinyan Moskvanın təsirindən uzaqlaşaraq həm ABŞ-nin müəyyən qorumasını, həm də Ermənistan daxilindəki siyasi müxalifətdən nisbətən sığortalanma imkanı qazanıb. İrəvan, həmçinin, Tramp təşəbbüsünü Moskva-Bakı müttəfiqliyinin qarşısını alan vasitə kimi görüb. Onların fikrincə, belə bir ittifaq 2020-2023-cü illərdə Paşinyana qarşı işləyirdi. Bakı ilə Moskva arasındakı son ixtilaflar bu qorxuları azaltsa da, bu, hələ də erməni şüurunda qalır”.
Analitik əmindir ki, Trampın təşəbbüsü Paşinyana ABŞ-ni həm iqtisadi inkişafın təminatçısı, həm də “kiçildilmiş Ermənistan” üçün müdafiə qalxanı kimi təqdim etmək imkanı yaradıb:
“Bu modeldə əsas diqqət dövlətin gələcəyi üzərində cəmlənir, revanşist iddialar isə arxa plana keçir. Beləcə, Trampın təşəbbüsü Paşinyan üçün bir növ “xilasedici” rolunu oynayıb. O, gələn il keçiriləcək mürəkkəb seçkilərə hazırlıq prosesində daxili müxalifəti neytrallaşdırmaq üçün bundan istifadə edir”.
“Amma gələcək baxımından daha narahatedici məsələ Trampın Cənubi Qafqaza marağının nə qədər dərin və davamlı olmasıdır. Başqa sözlə, bu təşəbbüs yalnız Trampın şəxsi maraqlarına əsaslanır, yoxsa ABŞ siyasətinin institusional xəttinə çevriləcək? Bu sual təkcə Cənubi Qafqaz liderlərinin deyil, həm də Ukraynadakı müharibənin taleyi və Rusiya-ABŞ münasibətlərinin gələcəyi ilə bağlıdır. Məhz bu amillər Tramp təşəbbüsünün əsl əhəmiyyətini müəyyən edəcək. Çünki dünya bu gün tamamilə qeyri-sabit və dəyişkən bir mərhələdədir”.
Rafi Müslümov