“Ermənistandan gələn açıqlamaları hələ də ciddi qəbul etmək olmaz”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Azərbaycanla Ermənistan arasında razılaşdırılan sülh müqaviləsinin imzalanma prosesində İrəvanın nə qədər səmimi olacağından danışan millət vəkilinin sözlərinə görə, Bakı İrəvana sülh müqaviləsi ilə bağlı təqdim etdiyi bütün şərtlərinin qəbul olunduğu deyilir:
“Amma qəbul edilmə heç də İrəvanın müqavilənin imzalanmasına hazır olması kimi başa düşülməməlidir. Çünki Ermənistan konstitusiyada Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə əl çəkməlidir. Təbii ki, bu prosedur icra olunmamış onun sülh müqaviləsinin imzalanmasına hazır olmağından danışmaq tezdir”.
O, söyləyib ki, Ermənistan həqiqətən sülhə hazırdırsa, konstitusiyasında dəyişikliklərlə bağlı referendum elan edib keçirməlidir:
“O zaman onların həqiqətən sülhə hazır olduğunu biz də görərik. Amma sülh müqaviləsi ilə bağlı şərtləri qəbul edirik deyib silahlanmaya üstünlük vermək, eyni zamanda, xarici havadarların dəstəyi ilə Azərbaycana qarşı kampaniyaları başlatmaq heç də onların həqiqi sülh niyyətlərinin olduğunu göstərmir. Ermənistan sözündə heç vaxt səmimi olmayıb. Onların dedikləri ilə hərəkətləri həmişə daban-dabana zidd olmuşdur. Bu baxımdan, İrəvandan gələn açıqlamaları hələ də ciddi qəbul etmək olmaz”.
Nəsimi Ələsgərli
www.yenicag.az