“Ermənistan geosiyasi mərkəzlərin dəstəyi ilə silahlanır”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın törətdiyi təxribatlardan sonra sülh prosesinin necə formalaşacağından danışan politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, çox kiçik olsa da, Ermənistanla ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ilə bağlı ümidlər var idi.
“Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-də “Hudson” İnstitutunda çıxışı zamanı bildirdi ki, tərəflər sülh müqaviləsinin imzalanmasına çox yaxındır. Ümumi yanaşdıqda Ermənistan Azərbaycanın tələblərini yerinə yetirmək istəmir. Nə konstitusiya dəyişikliyinə gedir, nə də ATƏT-in Minsk qrupunu buraxılması ilə bağlı Azərbaycanın çağırışını yerinə yetirir”, – deyə o qeyd edib.
Politoloq əlavə edib ki, Ermənistan digər geosiyasi mərkəzlərin dəstəyi ilə silahlanır.
“Eyni zamanda, ABŞ ilə keçirilən hərbi təlimlər və digər destruktiv addımlar Ermənistanın sülhdən uzaqlaşdığının göstəricisidir. Sülh istəyən tərəf silahlanmaya bu qədər maliyyə vəsaiti sərf etməz. Yəni Ermənistan sülhdə maraqlı deyil.
Azərbaycanın Ermənistanı sülhə məcburetmə addımları öz bəhrəsini verəcək. İstər Vətən müharibəsindən öncə, istərsə də sonra İrəvan heç vaxt öz xoşu ilə sülhdə maraqlı olmayıb. Əldə edilən mühüm razılaşmalar da Azərbaycanın siyasi iradəsinin nəticəsidir. Əgər Ermənistan kənar oyunçuların fitnəsinə getməzsə, sülh əldə etmək mümkün ola bilər”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az