İrəvanın atəşkəs pozuntusunda ittiham etdiyi ÜÇÜNCÜ TƏRƏF: “Erməni müxalifəti...”
“Keçmiş Qarabağ münaqişəsində illərlə vasitəçi, siyasətçi və müşahidəçi kimi iştirakım zamanı bir çox dəfə atəşkəsin pozulması ilə bağlı bir sıra hallarla qarşılaşmışam”.
Bunu Yenicag.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı sabiq səfiri, beynəlxalq məsələlər üzrə ekspert Metyu Brayza deyib.
Analitik son günlər Ermənistan-Azərbaycan şərti sərhədində baş verən atəşkəs pozuntuları fonunda İrəvanın üçüncü tərəfləri ittiham etməsini, o cümlədən tərəflər arasındakı sülh danışıqları ilə bağlı davam edən müzakirələri şərh edib.
M. Brayzanın sözlərinə görə, bu dəfə fərqli olan isə Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan-Azərbaycan sərhədində baş verən atışma ilə bağlı rəsmi məlumat yayması deyil:
“Əsas fərq ondadır ki, İrəvandakı Ermənistan hökuməti yeni gərginlik atmosferi yaratmaq niyyətində olmadığını bəyan edib və bildirib ki, bu insidentə görə üçüncü tərəf məsuliyyət daşıya bilər. Əvvəlki təcrübələrimdə, bir tərəf atəş açmaqda ittiham olunanda, sadəcə olaraq bu ittihamı inkar edirdi. Qarşı tərəfi ittiham etmək əvəzinə, üçüncü tərəfin məsuliyyət daşıdığını iddia etmək isə olduqca nadir, hətta, demək olar ki, görünməmiş bir haldır”.
“Bu səbəbdən də mənim təhlilim belədir: görünür, həqiqətən də atışma baş verib. Ermənistan tərəfi Azərbaycan tərəfinin məlumatlarını inkar etmir, lakin Ermənistan hökuməti sülh prosesinin pozulmasının qarşısını almağa və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına yönəlmiş səyləri davam etdirməyə çalışır. Hər iki tərəf müqavilənin mətni üzərində razılığa gəldiklərini açıqlayıb, lakin hələ də bəzi irəliləyişlərə. xüsusilə də Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı ehtiyac var”. – deyə o, əlavə edib.
“Məntiqi olaraq belə görünür ki, atəşi Ermənistan tərəfi açıb və bu, sülhə və dəyişikliklərə qarşı olan erməni müxalifəti tərəfindən həyata keçirilib. Ermənistanda bu cür qüvvələr hələ də çoxdur. Həm Baş nazir Paşinyan, həm də Prezident İlham Əliyev sülh sazişinin yekunlaşdırılmasına və Ermənistandakı bu cür müqavimətin aradan qaldırılmasına çalışırlar”, – eks-səfir fikirlərini tamamlayıb.
Rafi Müslümov